Daxili işlər naziri: Radikalizm, terrorçuluq və digər hər hansı zorakı hərəkətlərin din pərdəsi altında təbliğatı cəmiyyət və vətəndaşlar üçün çox təhlükəlidir

Siyasət Materials 29 Oktyabr 2007 23:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Radikalizm, terrorçuluq və digər hər hansı zorakı hərəkətlərin din pərdəsi altında təbliğatı cəmiyyət və vətəndaşlar üçün çox təhlükəlidir. Bu sözləri bazar ertəsi günü jurnalistlərə açıqlamasında Azərbaycanın daxili işlər naziri Ramil Usubov deyib. Onun sözlərinə görə, hər bir vətəndaş bu cür halların qarşısını almalıdır. "Əgər vətəndaşın buna gücü çatmırsa, o hökmən hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bu gün olmasa da, sabah belə hallar cəmiyyət və vətəndaşlar üçün qorxulu ola bilər"- deyə nazir vurğulayıb.

Ümumiyyətlə terrorçuluqla mübarizəyə toxunan Usubov bildirib ki, bütün dünyada olduğu kimi bu istiqamətdə bölgədə, konkret olaraq Azərbaycanda addımlar atılır. Nazirin sözlərinə görə, Azərbaycan ötən əsrin 80-ci illərin sonlarında digər dövlətlərlə müqayisədə daha çox terrorçuluğa məruz qalıb: "Bu üzdən də biz terrorçuluqla mübarizədə bütün qonşu dövlətlərlə əməkdaşlıq edirik. Ölkə daxilində təhlükəsizliyin təmin olunması üçün bütün hüquq-mühafizə orqanlarının birgə səyləri ilə lazımi tədbirlər görülür. Ona görə də hesab edirəm ki, son günlər atılan addımlarda təəccüblü heç nə yoxdur. Bu gün Azərbaycan terrorçuluqla mübarizədə digər dövlətlərlə əməkdaşlıq edir və bu istiqamətdə iş davam etdirilir".

Xəbər lenti

Xəbər lenti