...

ABŞ informasiya mərkəzlərinin İranın nüvə planına dair məruzəsi nüvə münaqişəsinin həlli üçün yaranmış bir fürsətdir - İran politoloqu

Siyasət Materials 5 Dekabr 2007 14:41 (UTC +04:00)
ABŞ informasiya mərkəzlərinin İranın nüvə planına dair məruzəsi nüvə münaqişəsinin həlli üçün yaranmış bir fürsətdir - İran politoloqu

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ ABŞ informasiya mərkəzlərinin İranın nüvə planı barədə yeni məruzələri Qərbin İrana qarşı tutduğu siyasətdə dönüş nöqtəsi yarada bilər. "ABŞ informasiya mərkəzlərinin İranın nüvə planına dair məruzəsi nüvə münaqişəsinin həlli üçün yaranmış bir fürsətdir" - deyə İran politoloqu Omid Ərəb bildirib.

Dekabrın 3-də ABŞ-ın 16 informasiya mərkəzi İranın nüvə planına dair yeni məruzəsində bildirib ki, rəsmi Tehran 2003-cü ildə nüvə silahının yaradılması planını beynəlxalq təzyiqlər üzündən 4 il müddətində dayandırıb. Hesabatda bildirilib ki, İranın nüvə silahı yaratmasına ən azı 8 il vaxt lazımdır. İranın İRNA agentliyinin dekabrın 5-də verdiyi məlumata əsasən, İran prezidenti Mahmud Əhmədinejad ABŞ kəşfiyyat orqanlarının yeni məruzəsinin ölkə üçün böyük nailiyyət olması barədə bəyanat verib. "Yeni məruzə illərdir atmosferi zəhərləyən yalançılara tuşlanmış ox oldu" - deyə İran prezidenti bildirib. Yeni məruzə indiyədək ABŞ-ın İranın nüvə planı ilə əlaqədar verdiyi hesabatdan fərqli olaraq, dünyanın rəsmi Tehrana qarşı tutduğu sərt mövqeyi səngidə bilər.

İran politoloqu çərşənbə günü telefonla Trend ə bildirib ki, yeni məruzə İranın haqlı olduğunu göstərir: "Biz 2003-cü ildə dünya ictimaiyyətinin nəzərində etimad qazanmaq üçün nüvə planı ilə bağlı fəaliyyətlərimizi dayandırdıq. İran dünyanın narahatlığına biganə qalmadı, dünya ictimaiyyətinə hörmət göstərdi. Lakin heç zaman qarşılıqlı hörmət və etimad görmədik. İnanıram ki, BMT Təhlükəsizlik Şurası və Qərb ölkələri ilə İran arasında bu məruzə barışıq və daha sıx əməkdaşlıq üçün bir başlanğıc olacaq".

Politoloqun fikrincə, məruzə həm Qərb, həm İran üçün bir daha təkrar olunmayacaq fürsət yaradıb.

Digər İran politoloqu Əhməd Zeydabadi isə çərşənbə günü telefonla Trend ə bildirib ki, ABŞ kəşfiyyat orqanlarının məruzəsi Amerikanın İrana hücumu barədə ehtimalları sıfra endirib. "Lakin Qərbin İrana qarşı tutduğu mövqeyin dəyişməsinə dair heç bir fakt görünmür. Belə ehtimal edirəm ki, bu məruzənin yayılmasında məqsəd odur ki, ABŞ İrana hücum etməyəcəyi barədə Qərbə təminat verməklə, onları daha arxayın edir və rəsmi Tehran əleyhinə əlavə sanksiyalar tətbiq etməyə hazırlaşdırır" - deyə Zeydabadi bildirib.

Xəbər lenti

Xəbər lenti