...

"Müxalifət partiyaları haqqımızda həqiqətəuyğun olmayan rəy formalaşdırmağa çalışırlar" - müxalifət partiyasının sədri

Siyasət Materials 24 Dekabr 2007 15:56 (UTC +04:00)
"Müxalifət partiyaları haqqımızda  həqiqətəuyğun olmayan rəy formalaşdırmağa çalışırlar" - müxalifət partiyasının sədri

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri digər müxalifət partiyalarını rəhbərlik etdiyi siyasi təşkilat barədə həqiqətəuyğun olmayan rəy formalaşdırmağa cəhd göstərməkdə ittiham edib. "Müxalifət partiyaları öz fikirlərini VHP-nin ölkədə keçirilən seçkilərə qatılmağı, parlamentə getməyi və hakimiyyətin müəyyən addımlarına loyal münasibət göstərməyi və son illərdə mitinqlərə qatılmamağı ilə əsaslandırmağa çalışırlar. Lakin həmin partiyaların özləri seçkilərin boykot edilməsinə dair çağırışlar etdikləri halda hamısı seçkilərə qatılırlar, parlamentə getməmək tərəfdarları bizləri qınasalar da, özləri gedib Milli Məclisdə otururlar. Amma nədənsə onlar olurlar əsas müxalifət, biz isə qeyri-əsas müxalifət" - deyə VHP-nin bazar ertəsi Bakıda keçirilən dördüncü qurultayında partiyanın sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü Sabir Rüstəmxanlı bildirib.

Rüstəmxanlı qeyd edib ki, VHP bütün fəaliyyəti ilə ümumxalq marqlarına xidmət edir.

"Bəs nəyə görə bəzi dostlarımız ciddi cəhdlə bizi "möhtəşəm" müxalifət düşərgəsindən kənarlaşdırmağa çalışırlar. Ancaq VHP-yə qarşı illərdir ki, davam edən böhtan kampaniyası cavabsız qala bilməz" - deyə millət vəkili əlavə edib.

Onun fikrincə, Azərbaycanın bütün problemləri üçün iqtidarla yanaşı müxalifət də məsuliyyət daşıyır.

Rüstəmxanlı vurğulayıb ki, onlarla bəzi müxalifət liderləri arasında fikir ayrılıqları yaranıb: "Kim özünü ana və ya aparıcı müxalifət sayanlar kimi düşünmürsə, onu iqtidara yaxınlıqda və xəyanətkarlıqda ittiham edirlər. Bu, demokratiya ilə bir araya sığmayan, ibtidai düşüncədən başqa bir şey deyil".

VHP Milli Azadlıq Hərəkatının liderlərindən olan Rüstəmxanlının rəhbərliyi altında 1992-ci il 26 sentyabrda bir qrup ziyalı tərəfindən yaradılıb. 3 noyabr 1992-ci ildə dövlət qeydiyyatına alınan partiyanın 80 rayonda yerli təşkilatı fəaliyyət göstərir, 35 mindən artıq üzvü var. VHP 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü illərdə bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri millət vəkili, xalq şairi Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkisində isə prezidentliyə namizəd olub.

Partiya parlamentdə üç deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti