...

Xocalı faciəsini bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərlə bir sıraya qoymaq olar - Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri

Siyasət Materials 28 Fevral 2008 05:13 (UTC +04:00)
Xocalı faciəsini bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərlə bir sıraya qoymaq olar - Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri

Rusiya, Moskva, 27 fevral / Trend müxbir R.Ağayev / Artıq 20 ildir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi davam edir. Nəticədə Azərbaycan torpaqlarının 20 faizi işğal altında qalır. Ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkün var. Lakin bu münaqişənin ən dəhşətli və qəddar səhifəsi Xocalı faciəsi olub. Fevralın 25-dən 26-a keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərini zəbt etdilər və günahsız insanları vəhşicəsinə qətlə yetirdilər. Öldürülən 613 nəfərdən 106 qadın, 63 uşaq və 70 nəfər qocalar idi. Bu faciəni kütləviliyi və qəddarlığına görə bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərlə bir sıraya qoymaq olar. Xocalı yarası həmişəlik hər bir azərbaycanlının ürəyinə qalacaq. Belə bir bəyanatla Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Moskvada fondunun təşkil etdiyi "Xocalı. 16 il sonra" elmi-praktiki konfransı açarkən çıxış edib.

Leyla Əliyeva əlavə edib ki, Azərbaycanın bütün ağır və qara günlərinə baxmayaraq, bu gün ölkəmiz günü-gündən inkişaf edir. Onun sözlərinə görə, iqtisadi artım templərinə görə Azərbaycan artıq üçüncü ildir dünyada ilk yeri tutur, həyat səviyyəsi yaxşılaşır, əhalinin məvacibləri və təqaüdləri artır, işsizlik səviyyəsi azalır.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva xüsusi olaraq qeyd edib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə böyük diqqət yetirir. "Onların sayının bir milyondan artıq olmasına baxmayaraq bu gün heç bir çadır şəhərciyi qalmayıb, bütün qaçqınlara və məcburi köçkünləra normal həyat üçün şərait yaradılıb",- deyə o vurğulayıb.

Bununla yanaşı Leyla Əliyeva əmindir ki, heç bir azərbaycanlı torpaqlarının işğalı ilə barışmayacaq. "Artıq 15 ildir ki, danışıqlar prosesi davam edir. Ümid edirik ki, dünya ictimaiyyəti səsimizi eşidəcək və tezliklə bu münaqişə öz ədalətli həllini tapacaq. Çünki bu gün dünyada özgə torpaqların işğalına, təcavüzünə və kütləvi qırğınlara yer yoxdur. Mən inanıram ki, yaxın gələcəkdə azərbaycanlılar doğma yurd-yuvalarına qayıdacaqlar", - deyə Leyla Əliyeva fikrini tamamlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin xarici siyasət planlaşdırılması və strateji araşdırmalar idarəsinin rəisi Tofiq Musayev isə çıxışı zamanı qeyd edib ki, Xocalıda Azərbaycan əhalisinin məhv edilməsi soyqırım kimi dəyərləndirilir. Musayev əmindir ki, Xocalı faciəsi ilə bağlı mövcud olan bütün faktlar göstərir ki, təcavüzkarlar bu şəhərin sakinlərini yalnız Azərbaycan millətinə mənsub olduqları üçün öldürüblər.

XİN nümayəndəsi hesab edir ki, milli səviyyədə görülən tədbirlər, habelə mövcud hüquqi normalar əminlik yaradır ki, Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirənlər cəzalandırılacaqlar. "Beynəlxalq birliyin bu münaqişə ilə bağlı mövqeyi kontekstində əminliklə söyləmək olar ki, Ermənistanın heç bir əsası yoxdur ki, suveren dövlətin ərazisinin təcavüzünün nəticələri qanuni elan edilsin", - deyə azərbaycanlı diplomat vurğulayıb.

Prezident Aparatının siyasi araşdırmalar sektorunun müdiri Fuad Axundov isə ermənilərin təbliğat maşınına qarşı aktiv informasiya müqavimətinin göstərilməsinin vacibliyini önə çəkib. Onun sözlərinə görə, informasiya dəstəyinin təmin edilməsi, eyni zamanda tarixçilər, politoloqlar, gənclər və KİV-in iştirakı ilə bu cür tədbirlərin keçirilməsi xüsusi önəm kəsb edir. Bununla əlaqədar Axundov dövlətin göstərdiyi səyləri, eləcə də Heydər Əliyev Fondunun Xocalı faciəsi və Qarabağ münaqişəsi ilə bağlı materialların yayılması istiqamətindəki aktif fəaliyyətini qeyd edib.

Sonra MQİMO, MQU, Seçenov adına Tibb akademiyası və Moskva Dövlət Linqvistik Universitetinin tələbələri, aspirantları və maqistrləri Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri, habelə onun tarixi-hüquqi və siyasi aspektlərinə dair məruzələrlə çıxış ediblər.

Tədbir zamanı Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı qısametrajlı sənədli filmi nümayiş etdirilib, Moskva Dövlət Linqvistik Universitetinin tələbələri Olqa Kuraj, Polina Sousnikova, Mariya Ryabova, İlya Ostaşko və Damir İzmaylov Azərbaycan dilində şerlər oxuyublar.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə ölkə rəhbərliyinin Xocalı faciəsi və Ermənistan-Azərbaycan münaqişəsi haqda gerçəkliklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində gördüyü işlərdən bəhs edib və gəncləri daha fəal olmağa çağırıb. "Ölkənin siyasi rəhbərliyi, prezident İlham Əliyev bizi qələbəyə doğru aparacaq və cinayətkarlar cəzalandırılacaqlar. Azərbaycan sürətlə inkişaf edir və bu gün bizim əsas ümidimiz müasir, təhsil almış gənclərdir. Biz daim yanınızdayıq, Heydər Əliyev Fondu yanınızdadır. Biz hər şeydə sizə kömək göstərməyə hazırıq, lakin təşəbbüs sizdən gəlməlidir. İnanıram ki, haqlı olmağımız və Azərbaycanın son 15 ildə əldə etdikləri mütləq beynəlxalq hüquq normaları çərçivəsində qələbəmizlə nəticələnəcək. Azərbaycanın səsini hər il daha çox eşidirlər. Bu gün Azərbaycan inkişaf edir və mən əminəm ki, qələbəmizi qeyd edəcəyimiz gün gələcək", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti