...

Ukrayna GUAM-ın Nizamnaməsini ratifikasiya etdi

Siyasət Materials 7 Mart 2008 00:47 (UTC +04:00)
Ukrayna GUAM-ın Nizamnaməsini ratifikasiya etdi

Ukrayna, Kiyev, 6 mart / Trend müxbir Z.Novosvitski/ Ukrayna "Demokratiya və iqtisadi inkişaf uğrunda-GUAM"ın Nizamnaməsini ratifikasiya edib. Müvafiq qanuna Ali Radanın əksər deputatları səs verib. Konkret olaraq nizamnamənin ratifikasiyasını Yuliya Timoşenko Bloku və "Bizim Ukrayna-Xalq Özünümüdafiə" fraksiyaları dəstəkləyib.

Qanun Ukrayna prezidenti Viktor Yuşenko tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

"Ukrayna tərəfindən GUAM nizamnaməsinin ratifikasiyası çox önəmli faktdır", - deyə Trend ə açıqlamasında GUAM-ın baş katibi Valeriy Çeçelaşvili vurğulayıb.

"Nəzərə almaq lazımdır ki, GUAM Katibliyi Kiyevdə yerləşir" bildirən Çeçelaşvili qeyd edib ki, gələcəkdə Ukrayna cəmiyyətinə, siyasətçilərə və nizamnamənin ratifikasiyasını dəstəkləməyən siyasi qüvvələrə GUAM-ın vacibliyini və effektivliyini sübut etmək üçün əlindən gələcəni edəcək.

Çeçelaşvilinin sözlərinə görə, Ukrayna GUAM-ın Nizamnaməsini imzalayan üçüncü ölkə olub. "Qurumun milli koordinatorları Şurasının sonuncu iclasında Moldova nümayəndəsi bildirdi ki, Tbilisidəki sammitədək yaxud da yay parlament tətillərinədək Moldova parlamenti də GUAM-ın Nizamnaməsini ratifikasiya edəcək", - deyə o vurğulayıb.

2006-cı ilin mayın 23-də Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova dövlət başçıları "Demokratiya və iqtisadi inkişaf uğrunda-GUAM" adlı beynəlxalq təşkilatı yaradıblar.

Xəbər lenti

Xəbər lenti