...

AXCP prezident seçkisinə hazırlıq işlərinə start verib - partiya sədri

Siyasət Materials 12 Mart 2008 14:44 (UTC +04:00)
AXCP prezident seçkisinə hazırlıq işlərinə start verib - partiya sədri

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif "Azadlıq" bloku seçki qanunvericiliyinə dəyişikliklə bağlı tələblərinin yerinə yetiriləcəyinə ümid edir. "Nəzəri də olsa ümidlərimiz var ki, tələblərimiz tam olmasa da, əsasən yerinə yetirilə bilər. Bu, baş versə, seçkidə iştirak edəcəyik" çərşənbə günü jurnalistlərə bloka üzv olan müxalif Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

"Azadlıq" blokuna üzv olan Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyaları bildiriblər ki, seçki komissiyaları paritet əsasda formalaşmasa və demokratik seçki mühiti yaradılmasa, prezident seçkisini boykot edəcəklər.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək.

Kərimli deyib ki, seçki proseslərindən geri qalmamaq üçün AXCP prezident seçkisinə hazırlıq işlərinə start verib. Onun sözlərinə görə, blok və partiya əvvəlcədən birmənalı şəkildə seçkiyə getməmək barədə qərar verməyib. "İlkin qərarımızda dəyişiklik yoxdur. Tələblərimiz yerinə yetirilməsə, seçkini boykot edəcəyik" Kərimli əlavə edib. AXCP sədri bildirib ki, seçkidə iştirak etməsələr belə, seçki prosesinə hazırlıqla bağlı görüləcək işlərlə əlaqədar problem olmayacaq.

"Biz mayda qərara gəlsək ki, artıq seçkidə iştirak etmək lazımdır, zəruri işləri görməsək, geri qala bilərik. Biz seçki qrafikinə uyğun olaraq müəyyən hazırlıqlarımızı aparmalıyıq. Birdən seçkidə iştirak edəcəyimiz təqdirdə hazırlıqsız olmamaq üçün müəyyən işlər görməliyik" Kərimli əlavə edib.

Onun sözlərinə görə, seçkiyə start məsələsi AXCP Ali Məclisinin martın 15-də keçiriləcək iclasında müzakirə mövzusu olacaq. Toplantıda partiyanın kütləvi aksiyalar keçirməsi məsələsi də müzakirə olunacaq.

Müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.

Xəbər lenti

Xəbər lenti