Azərbaycan, Naxçıvan/ Trend , müxbr E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasında saxta diplom satışı ilə məşğul olan 3 nəfər tutulub. Bu barədə çərşənbə günü jurnalistlərə Naxçıvan MR. Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat şöbəsnin rəisi, polis polkovnik-leytenantı Hikmət Əliyev məlumat verib. Əliyev bildirib ki, Naxçıvan MR Daxili İşlər Nazirliyi və Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının birlikdə apardığı təhqiqat nəticəsində qanunsuz sahibkarlıq, dələduzluq və rəsmi sənədləri saxtalaşdırması ilə məşğul olan dəstə zərərsizləşdirilib.
Onun sözlərinə görə, ilkin tədqiqatlar zamanı müəyyən edilib ki, Naxçıvan şəhər sakini Nəriman Allahverdi oğlu Əliyev tərəfindən Azərbaycan qanunvericiliyi ilə müəyyən edilməyən qaydada, dövlət qeydiyyatına alınmadan, aidiyyatı orqanların razılığı olmadan 1991-ci ildə "Tebib" Tibb Məktəbi yaradıb. Bu məktəb qeyri-qanuni olaraq 2003-cü ilədək fəaliyyət göstərib. Həmin müddətdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından gizlədilərək 750 nəfər məktəbə qəbul olunub, bu şəxslərə müxtəlif tibb ixtisasları üzrə saxta diplomlar verilib.
Naxçıvan şəhər sakini Zöhram Fuad oğlu Cəfərov da qeyri-qanuni yolla 1990-cı ildə "Gənc təbib", 1993-cü ildə isə "Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin Naxçıvan şöbəsi" adlı məktəb yaradıb, hər iki "tibb məktəbi" 2002-ci ilədək 1000 nəfərdən çox vətəndaşa saxta diplom verib.
Naxçıvan şəhər sakini, Naxçıvan MR Bilik Maarifçilik Cəmiyyətinin sədri Ziyəddin Yusif oğlu İsmayılov da qanunsuz olaraq rəhbərlik etdiyi cəmiyyətin nəzdində "Sənəd Tədris Kommersiya Mərkəzi" yaradıb. Burada həftədə iki dəfə olmaqla 1 illik kurslar təşkil edilib və gənc qızlara tibb bacısı ixtisası üzrə saxta diplom verilib.
Nazirliyin şöbə müdiri olnu da bildirdi ki, bu "tibb məktəbləri"ndən əlavə Bakı şəhərindəki 1 və 2 nömrəli tibb məktəbləri və MDB ölkələrinin tibb müssisələrindən də vətəndaşların saxta diplom aldığı müəyyən edilib .
Ümumiyyətlə adıçəkilən müəssisələr tərəfindən verilmiş saxta diplom sahiblərinin hazırda 442 nəfəri muxtar respublikanın ayrı-ayrı tibb müəssisələrində çalışırlar.
Əliyev bu cur saxta diplomları vətəndaşlar tərəfindən qorxmadan və çəkinmədən gətirib təhvil vermələri üçün müraciət etdiklərini bildirib və qeyd edib ki, hazırda bu sahədə əməliyyatlar davam etdirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]