Azərbaycan, Bakı, 06 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Elm və təhsil məsələləri daimi komissiyasının sədri hesab edir ki, Milli Elmlər Akademiyasında əsaslı islahatlar aparılmalıdır. "Akademiyada mütləq struktur dəyişikliyi olmalı, müasir dövrün tələblərinə cavab verən yeni strukturlar yaradılmalıdır" - çərşənbə axşamı Trend -a Azərbaycan parlamentinin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib.
Son yeddi ildə Akademiyanın bir necə institutu ləğv edilib, bir necəsi birləşdirilib və nəticədə, 1500 nəfərə yaxın işçi ixtisar olunub. Akademiyanın 9509 nəfər işçisi var. Akademiyanın tərkibində 30-dan çox institut, elmi mərkəz və muzeylər fəaliyyət göstərir.
Hacıyev deyib ki, institutdakı kadrların tərkibinə yenidən baxılmalı və işçilərin attestasiyası aparılmalıdır.
Komissiya sədri qeyd edib ki, Akademiyada elmin təşkili, idarə olunması, elmi araşdırmaların maliyyələşdirilməsi sahəsində də yeni mexanizmlər yaradılmalıdır: "Akademiyada aparılan tətbiqi elmi araşdırmalar sifariş əsasında həyata keçirilməli və iqtisadi səmərəliliyi olmalıdır. Sifairşçi isə, ya dövlət orqanları, ya da fiziki şəxslər ola bilər. Akademiyada bunun mexanizminin tapılması üçün islahatlar aparılmalıdır".
Hacıyev qeyd edib ki, dünyanın əksər ölkələrində tətbiqi elmi araşdırmalarla məşğul olan institutlar universitetlərin tərkibində fəaliyyət göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]