...

Azərbaycanda prezidentliyə namizədlərə İctimai Televiziya və Radioda pulsuz efir vaxtı ayrılacaq

Siyasət Materials 12 May 2008 14:09 (UTC +04:00)
Azərbaycanda prezidentliyə namizədlərə İctimai Televiziya və Radioda pulsuz efir vaxtı ayrılacaq

Azərbaycan, Bakı, 12 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda prezident, parlament və bələdiyyə seçkiləri zamanı namizədlərə İctimai Televiziya və Radioda (İTV) pulsuz efir vaxtı ayrılması davam edəcək. "Seçkilər zamanı namizədlərə İctimai Televiziya və Radioda əvvəllər dövlət televiziyası və radiosunda olduğu formada pulsuz efir vaxtı ayrılacaq", -deyə bazar ertəsi Trend -a eksklüziv açıqlamasında Azərbaycan Parlamenti Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Seçki Məcəlləsinin əvvəlki variantında prezidentliyə namizədlərin təbliğatı üçün AzTV-də həftədə 6 saat pulsuz təbliğat imkanı yaradılırdı. Efir vaxtının 3 saatı dövlət televiziyasında (AzTV), 3 saatı isə, dövlət radiosunda ayrılırdı. Eyni zamanda, dövlət tərəfindən maliyyələşdirilən qəzetlərlə namizədlərin pulsuz reklam materialları yerləşdirilirdi.

Azərbaycanda prezident sekisi oktyabrın 15-də keçiriləcək. Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyasının birgə müzakirələri nəticəsində yeni layihə hazırlanıb. Yeni layihə Parlamentə göndərilib.

Layihədə dövlət tərəfindən maliyyələşdirilən televiziya, radio və qəzetlərdə prezident, parlament və bələdiyyə seçkilərində namizədlərin təbliğatının qadağan olunması nəzərdə tutulub. Müxalifət partiyaları hesab edir ki, bu dəyişiklik müxalifətin təbliğat imkanlarının məhdudlaşdırılmasına xidmət edir.

"Seçki Məcəlləsinə edilən bu dəyişikliyin müxalifətin imkanlarının məhdudlaşdırılması üçün həyata keçirildiyi haqda deyilənlər həqiqətəuyğun deyil. Dövlət tərəfindən maliyyələşdirilən televiziya, radio və qəzetlərdə prezident, parlament və bələdiyyə seçkilərində namizədlərin təbliğatının qadağan olunması beynəlxalq normalara uyğundur və bütün siyasi qüvvələrə şamil olunan bir məsələdir", -deyə Parlament rəsmisi əlavə edib.

Onun fikrincə, dövlət televiziyası hakimiyyətin nəzarəti altındadır. Ona görə də orada namizədlərin seçki təbliğatının aparılması düzgün deyil: "Avropa Şurasının Venesiya Komissiyası da tövsiyə vermişdi ki, dövlət televiziyasında seçki təbliğatı qadagan olunsun".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti