Azərbaycan, Gəncə, 22 may / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində mayın 22-nə keçən gecə səhər saat 05:00-da külli miqdarda narkotik maddə gətirən İran vətəndaşı saxlanılıb. Bu barədə jurnalistlərə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.
Azərbaycanın Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsi ilə Gəncə şəhər Polis İdarəsinin apardığı birgə mübarizə nəticəsində İrandan gətirilən stulların içərisində 6 kq həşiş aşkarlanıb. İran vətəndaşı tərəfindən paytaxt Balıdan 365 kilometr qərbdə yerləşən Gəncəyə külli miqdarda narkotik maddənin Əfqanıstandan satış məqsədilə gətirildiyi müəyyənləşdirilib.
İstintaq sirri olduğundan İran vətəndaşının kimliyi açıqlanmır. Hazırda onun başqa cinayətkar üzvlərlə əlaqəsi araşdırılır.
Daxili işlər orqanları tərəfindən hesabat dövründə qanunsuz dövriyyədən 181 kiloqramdan artıq (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox) narkotik vasitə götürülüb, 41,5 kq-a yaxın (2,7 dəfə çox) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 400 nəfərdən 367-i (91,8%) əmək qabiliyyətli işləməyən və oxumayan, 101-i (25,3%) əvvəllər cinayət törətmiş şəxs, 7-i (1,8%) qadın, 1-i (0,3%) yetkinlik yaşına çatmayan şəxsdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]