...

Azərbaycanın müxalifət blokları qarşılıqlı ittihamlarla çıxış edib

Siyasət Materials 26 May 2008 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may/ Trend , müxbir E.Babayev/ Azərbaycanın beş müxalifət təşkilatı (Demokrat, Müsavat, Tərəqqi, Azərbaycan Naminə İctimai Forum, Milli İstiqlal) bəyan edib ki, müxalif "Azadlıq" bloku bu düşərgənin parçalanmasında maraqlıdır. "Bir daha təsdiq olundu ki, bu qurum müxalifətdə pərakəndəliyin hökm sürməsinə çalışır", -deyə bazar ertəsi Trend a AMİP sədrinin müavini Əli Orucov deyib.

Trend un arayışı: "Beşlər" Seçki Məcəlləsi ilə bağlı birgə müzakirələr aparmaq təklifi ilə çıxış edib. Həftə ərzində bu məqsədlə ümumrespublika müşavirəsi keçiriləcək. Ötən həftənin sonu "beşlər" üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" blokunu yenidən bu toplantıda iştiraka dəvət edib. Ancaq blok yenə bu təklifi qəbul etməyib.

Orucov hesab edir ki, "Azadlıq" bloku sərbəst qərar vermək iqtidarında deyil. "Onlar kənar qüvvələrin təsiri ilə belə qərar veriblər. Bu qüvvələr həm xaricdə, həm də daxildə ola bilər və mən bunun detallarına varmaq istəmirəm. Biz onlara düşdükləri bataqlıqdan çıxmaları üçün növbəti dəfə əlimizi uzatdıq, amma onlar bundan imtina etdilər. Bu blok özünütəcrid siyasəti yürüdür" - deyən Orucov bildirib ki, blokun bu addımı müxalifətin ümumi rəyini ifadə etməyə maneə olmayacaq. Çünki blokun cəmiyyətdə nüfuzu aşağıdır.

Vətəndaş və İnkişaf Partiyasının sədri, "Azadlıq" blokunun üzvü Əli Əliyev isə, bazar ertəsi Trend a bildirib ki, onların hakimiyyətə və yaxud xarici qüvvələrə işləməsi barədə bəyanatlar tamamilə yersizdir. "Əllərində faktlar varsa, açıqlasınlar" - deyən Əliyev xatırladıb ki, onlar seçki mühitinin, qanunvericiliyin qeyri-demokratik olduğunu əsas gətirərək, prosesi boykot etmək niyyətindədirlər. Ona görə də seçkidə iştirak etmək istəyən qüvvələrlə birgə müzakirələrə ehtiyac görmürük. Onun sözlərinə görə, seçkidə iştirak qərarı verən qüvvələrin addımları şübhəli görünür. "Belə rəyə gəlmək olar ki, onlar seçkiyə sifarişlə gedirlər. Əgər belə deyilsə, ortaya tutarlı arqumentlər qoysunlar ki, niyə belə bir qeyri-bərabər şəraitdə seçkiyə gedirlər" - deyə o vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti