...

Milli Təhlükəsizlik Nazirliyi İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısını alıb

Siyasət Materials 5 Avqust 2008 15:20 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısını alıb

Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Irandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınmasının qarşısı alınıb və 95 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə çərşənbə axşamı Trend -a nazirliyin İctimai əlaqələr mərkəzindən məlumat verilib.

Sumqayıt şəhər sakinləri - Nəbi Quliyev, Şadət Nəsibov, İran İslam Respublikasının vətəndaşı Fərhad Karigər, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Mahmud adlı vətəndaşı və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələr - 8 kiloqram 426 qramdan artıq heroin və 86 kiloqrama yaxın həşiş Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək satış məqsədilə İrandan Azərbaycana gətirilib.

Məlum olub ki, mütəşəkkil dəstə üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və vəzifə bölgüsünə əsasən, Mahmud İranın Biləsuvar rayonunun Qaraqasımlı kəndində Fərhad Karigərə verdiyi həmin narkotik vasitələri 10 min ABŞ dolları müqabilində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirib, Cəlilabad rayonu ərazisində onun deyəcəyi şəxslərə təhvil verməyi tapşırıb.

Karigər isə öz növbəsində Mahmudun tapşırığını Nəbi Quliyevə və Şadət Nəsibova çatdırmış və qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirəcəyi narkotik vasitələri 3 min ABŞ dolları müqabilində Mahmudun bildirəcəyi şəxsə çatdırılması barədə razılığa gəliblər.

Karigər hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları - Əkbər, Mehdi, İsmayıl və Nadir adlı həmkəndliləri ilə birlikdə 95 kiloqrama yaxın narkotiki Azərbaycan Dövlət Sərhəd Xidmətinin "N" saylı sərhəd dəstəsinin ərazisindən mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək Azərbaycan ərazisinə gətirib. Karigər narkotik vasitələri ondan təhvil alacaq Nəbi Quliyevi və Şadət Nəsibovu Cəlilabad rayonunun Qarakazımlı kəndi yaxınlığında gözləmiş, onu müşayiət edən həmkəndliləri isə eyni üsulla sərhədi keçərək geri İrana qayıdıblar.

Karigəridən narkotikləri qəbul edib Mahmudun deyəcəyi şəxsə çatdırmaq üçün Nəbi Quliyev və Şadət Nəsibov sonuncunun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Cəlilabad rayonunun Qarakazımlı kəndinə gəliblər. Onlar Karigərinin qaçaqmalçılıq yolu ilə gətirdiyi 95 kiloqrama yaxın narkotik vasitələri təhvil alaraq gəldikləri avtomobildə yerləşdiriblər. Sonra Karigər, Quliyev və Nəsibov həmin avtomobillə Cəlilabad rayonunun Qarazəncir kəndinin yaxınlığına gələrək narkotikləri çöllükdə gizlədiblər.

MTN tərəfindən hazırlanan və həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Fərhad Karigər, Nəbi Quliyev və Şadət Nəsibov saxlanılmış, qeyd olunan əraziyə baxış zamanı onların gizlətdikləri 95 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülmüşdür.

Faktla bağlı MTN-nin İstintaq Baş İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti