...

Kiprin türk və yunan liderləri adanın bölüşdürülməsini müzakirə edəcəklər

Siyasət Materials 10 Sentyabr 2008 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend / Şimali Kipr Türkiyə Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələt və Yunan Kiprinin lideri Demetris Xristofias sentyabrın 11-də Lefkoşanın neytral zonasında Kipr problemini həll etmək üçün geniş danışıqlara başlayacaqlar. BMT-nin nəzarəti altında keçiriləcək görüş saat 10-da başlayacaq.

Bu haqda Türkiyənin "Dunya Bulteni" informasiya agentliyi məlumat verib. Cümə axşamı keçiriləcək görüşdə Kiprin "idarəedilməəsi və hakimiyyət bölgüsü" məsələsi ətrafında müzakirələr aparılacaq. Danışıqlarda hər iki Kiprin yüksək vəzifəli şəxsləri də iştirak edəcəklər.

Tələt və Xristofias arasında digər görüş sentyabrın 18-də baş tutacaq. Sentyabrın 3-də hər iki lider neytral zonada danışıqların prosedurunu müzakirə ediblər.

Bu günə qədər Tələt və Xristofias dörd görüş keçiriblər. Martın 21-də keçirilən görüşdə Tələt və Xristofias 6 İşçi Qrupun və 7 Texniki Komitənin yaradılması haqqında razılığa gəliblər.

Mayın 23-də Kiprin liderləri İşçi Qrupların və Texniki Komitələrin fəaliyyətini təftiş ediblər.

İyulun 1-də liderlər dörd saat yarımlıq davam etmiş görüş nəticəsində adada " vahid suverenitet və vahid vətəndaşlıq" haqqında razılıq əldə ediblər.

İyulun 25-də isə Tələt və Xristofias sentyabrın 25-də geniş danışıqlara başlamaq haqqında birgə qərar veriblər.

Xəbər lenti

Xəbər lenti