Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında seçki məntəqələrində kameraların quraşdırılması qaydalarını təsdiq edib.
MSK katibi Natiq Məmmədov bildirib ki, kameraların quraşdırılması məsələsi Seçki Məcəlləsində öz əksini tapıb. "Kameraların quraşdırılması qaydaları beynəlxalq təşkilatlar - AŞ Venesiya Komissiyası, İFES-in ekspertlərilə birgə hazırlanıb. Məqsəd seçkilərin aşkarlığını, şəffaflığını və seçicilər üzərində nəzarəti təmin etməkdir", - deyə Məmmədov deyib.
Onun sözlərinə görə, 500 seçki məntəqəsində kameralar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən quraşdıralacaq və nəzarət Mərkəzi Seçki Komissiyasına aid olacaq. "Kameralar ümumi seçki məntəqələrinin 10 faizini əhatə edəcək və hər seçki dairəsinin 3 - dən 15-dək məntəqəsində quraşdırılacaq. Kameralar quraşdıralan zaman məntəqədəki şərait nəzərə alınacaq. Ən əsası isə, seçicilərin sayı kifayət qədər olan məntəqələrdə quraşdıralacaq", - deyə Məmmədov əlavə edib.
MSK katibinin bildirdiyinə görə, kameralar səsvermə məntəqəsinin açılması, komissiyanın fəaliyyətə başlaması, seçicilərin məntəqəyə daxil olması, onlara bülletenin verilməsi, səsvermənin başa çatması, bülletenlərin sayılması, protokolların tərtib olnması və məntəqənin bağlanmasına qədər dövrü əhatə edəcək. Məmmədov qeyd edib ki, kameralara çəkilən proses beş il müddətində Mərkəzi Seçki Komissiyasının arxivində saxlanılacaq.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]