Gürcüstan, Tbilisi, 09 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya Avropa üzrə yeni təhlükəsizlik modeli təklif etməklə, NATO-nun rolunu azaltmaq istəyir. Bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədri David Bakradze deyib.
Fransanın Evian şəhərində keçirilən forumda Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev Rusiyanın artıq üzərində işlədiyi Avropanın təhlükəsizliyinin yeni modelinin yaradılmasının zəruriliyini bəyan edib.
"Bununla Rusiya NATO-nun rolunu azaltmağa və Avropada alternativ təhlükəsizlik strukturları yaratmağa çalışır", - Bakradze deyib.
Spikerin fikrincə, Rusiya "digər dövlətlərin elementar hüquqlarını pozsa və istədiyi yerə müdaxilə etsə" aşağı səviyyəli təhlükəsizlik sistemi çətin ki, işləsin. "Bu vəziyyətdə Rusiya özünü etibarsız tərəfdaş kimi artıq göstərib və yeni təhlükəsizlik sistemi ilə bağlı bütün söz-söhbətlər yalnız təcavüzü pərdələmək məqsədi daşıyır", - Bakradze vurğulayıb.