Gürcüstan, Tbilisi, 19 oktyabr / Trend müxbir N.Kirtsxalia/ İspaniya xarici işlər naziri Miqel Anxel Moratinos Gürcüstan həmkarı Yekaterina Tkeşelaşvili ilə Tbilisidə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Avropa İttafaqı (Aİ) Gürcüstanda masştabına görə misli-bərabəri görünməmiş sülhməramlı əməliyyat həyata keçirir.
Onun sözlərinə görə 300 müşahidəçinin cəlb edildiyi missiya öz həcminə görə Avropada həyata keçirilən ən iri tədbirdir.
Moratinos qeyd edib ki, Aİ-nın göstərdiyi səylər nəticəsində Gürcüstandakı vəziyyət yaxşılaşıb.
O, Aİ-nin hərbi müşahidəçisi ilə görüşərək Gürcüstandakı durumu müzakirə etdiyini bildirib.
Rəsmi Madridin bu prosesdə fəal iştirak edəcəyini nəzərə çatdıran Moratinos deyib ki, "Biz Gürcüstana 10 müşahidəçi göndərmişik və onların fəaliyyətindən razıyıq".
Onun sözlərinə görə müşahidəçilər gələcəkdə Abxaziya ilə Cənubi Osetiya ərazilərini də nəzərdən keçirəcəklər.
Gürcüstan XİN rəhbəri Tkeşelaşvili Madrid rəsmisinə təşəkkürünü bildirərək, Aİ müşahidəçi misiyasının əhəmiyyətini yüksək qiymətləndirib.
Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]