...

Bakıda baş verən silahlı atışma ilə bağlı axtarışda olan dəstə üzvləri tutulub

Siyasət Materials 14 Noyabr 2008 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr / Trend müxbir S. Kazımlı / Bakıda üç il öncə iki qrup arasında baş verən silahlı atışma ilə bağlı barələrində axtarış elan olunan şəxslər tutulublar. Bu barədə Bakı şəhər Prokurorluğundan cümə günü Trend - a məlumat verilib.

2005 - ci ilin avqust ayının 28 - də saat 17: 00 radələrində Qaradağ rayonunun Lökbatan -Xocahəsən şosse yolunun kənarında Emin Əliqulu oğlu Məmmədov və digər şəxslərdən ibarət bir qrup şəxslə Mahir İdris oğlu Səfərov və onunla bir olan şəxslər arasında yaranan mubahisə zamanı odlu silahlardan istifadə etməklə, qarşılıqlı atışma törədilib. İstintaq aparıldığı üçün, Məmmədov və Səfərovun mübahisəsində iştirak edən digər şəxslərin adları açıqlanmır.

Bakı şəhər Prokurorluğunun məlumatında bildirilir ki, faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd (29,120.2.1) vəqanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci) maddələri ilə başlanan cinayət işi üzrə istintaqdan qaçıb gizlənən 6 nəfər şəxsin, o cümlədən Ramil Məmmədəli oğlu İsgəndərov və Elvin İsmayıl oğlu Əliyev barələrində həbsli axtarış elan edilib. Rusiyada yaşayan Əliyev və İsgəndərov özlərini istintaq orqanına təqdim etmək niyyətində olduqlarını əvvəlcədən bildirməklə, müvafiq olaraq, noyabrın 10- da və 11-də Azərbaycana qayıdıblar və özlərini könüllü olaraq hüquq - mühafizə orqanına təqdim ediblər.

Onlar haqqında olan cinayət işinin istintaqı təzələnib və barələrində seçilən həbs qətimkan tədbiri dəyişdirilməyib.

Hazırda Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində işin ibtidai istintaqı davam etdirilir.

Sonuncu tutulan şəxslərdən öncə hadisənin digər iştirakçılardan birinin tutulduğu və hazırda onun işinə baxılması üçün məhkəməyə göndərildiyi bildirilir.

Qaradağ rayon Polis İdarəsindən (RPİ) cümə günü Trend - a verilən məlumata görə, həmin hadisənin iştirakiçılarından biri -Vüsal Fərhad oğlu Əliyev bir ay əvvəl Belarusda tutulub. Hazırda onun Azərbaycana gətirilib, istintaqa təhvil verilməsi üçün tədbirlər davam etdirilir.

RPİ - dən bildiriblər ki, pul üstündə baş verən silahlı atışma iştirak edən şəxslər əsasən Ağdam və Zəngilan sakinləri arasında baş verib. Hadisə zamanı Bakı sakini, 1982 - ci şil təvəllüdlü Elnur Həsən oğlu Salahovun çoxsaylı güllə yarası ilə xəsarət aldığı bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti