...

"Nabukko" qaz kəməri layihəsi Azərbaycan üçün siyasi deyil, kommersiya məsələsidir - prezident İlham Əliyev

Siyasət Materials 27 Yanvar 2009 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar/ Trend / "Nabukko" qaz kəməri layihəsi Azərbaycan üçün siyasi deyil, kommersiya məsələsidir. İTAR-TASS-ın yazdığına görə, bu barədə Macarıstan KİV-nə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.  

İlham Əliyev "Nabukko" layihəsinə həsr olunmuş enerji sammitində iştirak etmək üçün bazar ertəsi Budapeştə səfər edib.  

"Azərbaycan layihəni dəstəkləyir, lakin əvvəlki kimi ölkənin layihədə hansı rolu oynayacağı - tranzit ölkə və ya qaz tədarükçüsü olacağı məsələsi qalmaqdadır", - deyə İlham Əliyev bildirib. Prezident diqqəti qazın hasilatından öncə satılması məsələsinə yönəldib. Azərbaycan prezidenti qeyd edib ki, qərar qəbul etmək üçün alqı-satqı barədə sazişlər, tranzit müqavilələri, qiymətlər və maliyyələşdirmə ilə tanış olmaq lazımdır.

İlham Əliyev hesab edir ki, "Nabukko"nun növbəti üç-dörd il ərzində tikilmə şansı var, lakin bunun üçün güclü siyasi iradə və əlaqələndirmə lazımdır.

"Bu layihənin hansı perspektivlərə malik olması Azərbaycan üçün olduqca mühümdür. Ölkə bir sıra digər layihələrdə də iştirak edə və bunun əsasında hansı qaz kəmərinin daha real görünməsi barədə qərar qəbul edə bilər", - deyə prezident bildirib. Bununla yanaşı prezident qarşıda duran sammitin bir sıra mövcud suallara cavab verməyə imkan yaradacağına ümid etdiyini bildirib.

İlham Əliyev qeyd edib ki, Azərbaycanı Türkiyə, Gürcüstan, İran və Rusiya ilə mövcud qaz kəmərləri bağlayır və onların hər birinin imkanlarını artıqmaq mümkündür.

Bundan əlavə, "Nabukko" ilə yanaşı "Qazprom"dan da təkliflər daxil olub, həmçinin Bolqarıstan, Yunanıstan və İtaliya ilə danışıqlar aparılır.  Prezidentin sözlərinə görə, onlardan hansının Azərbaycan üçün münasib olduğunu öyrənmək lazımdır.

"Azərbaycan kimə qaz satmaq məsələsində özü qərar qəbul edir. Biz bu məsələni siyasətdən ayırmağa çalışırıq və buna nail oluruq", - prezident deyib.

Xəbər lenti

Xəbər lenti