...

ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə gələcək fəaliyyəti müzakirə etmək niyyətindədirlər

Siyasət Materials 7 Fevral 2009 09:00 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə gələcək fəaliyyəti müzakirə etmək niyyətindədirlər

Azərbaycan, Bakı , 06 fevral/ Trend , müxbir E.Tariverdiyeva/ ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan ola həmsədrləri yaxın vaxtlarda hər iki tərəf ilə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə gələcək addımları müzakirə etmək niyyətindədirlər.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza cümə günü elektron poçt ilə Trend -a bildirib ki, fevralın sonu-martın əvvəlində vasitəçilər məsləhətləşmələri davam etdirmək üçün regiona səfər edəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 28-i Sürixdə baş tutan görüşündən sonra münaqişənin həlli üzrə gələcək fəaliyyətləri müzakirə etmək niyyətindədirlər.

Amerikalı həmsədr iki ölkə liderinin görüşünün yekunu ilə bağlı əvvəllər Trend -a bildirdiyinə görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan baza prinsiplərinin bəzi elementləri üzrə qarşılıqlı anlaşmada irəliləyiş əldə ediblər.

"Prezidentlərin görüşü müsbət və konstruktiv oldu, prezidentlər baza prinsiplərinin bəzi elementləri üzrə qarşılıqlı anlaşmada irəliləyiş əldə ediblər, bir neçə digər məsələ üzrə isə mövqelərində fikir ayrılıqlarını azaldıblar", - deyə Brayza əvvəllər vurğulayıb.

"Sürixdə Azərbaycan və Ermənistan prezidentlərinin son danışıqları göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyişin əldə olunmasına baxmayaraq, tərəflər münaqişənin həllinə hələ də müxtəlif bucaqlardan baxırlar", - deyə çərşənbə günü Trend -a Azərbaycan Prezidentinin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti