Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir T.Cəfərov / İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, İran Islam Inqilabı İranda başlasa da, dünyanın bütün azadlıqsevər xalqlarına aiddir.
"Dünyanın hansı bir yerində azadlıqsevər insan varsa, İslam İnqilabı onun ürəyində yer tapıb", - deyə Əhmədinejad fevralın 10-da İran İnqılabının 30-cu ildönümü münasibətilə Tehran şəhərinin "Azadlıq" meydanında keçirilən mitinqdə çıxışı zamanı bildirib.
Əhmədinejad IRINN telekanalı ilə yayılan bəyanatında bildirib ki, İran Inqilabı İran xalqı üçün çoxlu nailiyyətlər gətirib, mlli və islami azadlıqdan başqa, digər sahələrdə də nailiyyətlər əldə olunmasına şərait yaradıb.
Onun sözlərinə görə, ötən 30 ildə İran xalqı daim irəliyə doğru hərəkət edib və bu hərəkət bəzən yavaş, bəzən də sürətli olub. İran müxtəlif sahələrdə yeni uğurlar qazanıb.
"İran İslam İnqilabından öncə İran xalqının 50 faizi savadlı idisə, hazırda əhalinin 86 faizi savadlıdır. "İran İnqilabından öncə ölkədəki tələbələrin sayı 176 min nəfər idisə, 2004-cü ildə onların sayı 2 milyon 165 min nəfər, 2008-ci ildə isə 3 milyon 572 min nəfər olub", - deyə Əhmədinejad bildirib.
Ölkə rəhbəri həmçinin qeyd edib ki, inqilabdan öncə İranda olan xəstələr müalicə üçün digər ölkələrə gedirdilərsə, hazırda İranda müalicə üçün digər ölkələrdən müraciətlər daxil olur, xəstələrin müalicəsi üçün müxtəlif dərman preparatları hazırlanır.
Əhmədinejad əlavə edib ki, inqilabdan öncə sənaye sahəsində İran 25 min ton alüminium istehsal edirdisə, 2003-cü ildə bu rəqəm 83 min ton və hazırda isə 457 min ton təşkil edir. "İran ölkəyə sərmayələrin yatırılması baxımından da inkişaf edir, cari ildə 27 milyard dollar sərmayə ölkənin "Sənaye layihəsinə" yatırılıb ki, bu layihə martın əvvəllərində istifadəyə veriləcək", - deyə Əhmədinejad bildirib.