...

Gürcüstan parlamenti Xocalı faciəsini müzakirə edə bilər – vitse-spiker (video)

Siyasət Materials 23 Fevral 2009 16:36 (UTC +04:00)
Gürcüstan parlamenti Xocalı faciəsini müzakirə edə bilər – vitse-spiker (video)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir C.Babayeva/ Bakıda səfərdə olan Gürcüstan parlamentinin vitse-spikeri Pridon Todua bazar ertəsi jurnalistlərə bildirib ki, Gürcüstan parlamenti Xocalı faciəsini müzakirəyə çıxara bilər.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

"Yaxşı olardı ki, bu faciə baş verməyəydi. Yox əgər, bu olubsa, problemi birgə həll etmək lazımdır", - Todua deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.  

Gürcüstan parlamentinin nümayəndələri Milli Məclisin dəvəti ilə 23 fevralda Bakıya gəliblər. Nümayəndə heyətinə Azərbaycan-Gürcüstan parlamentlərarası qrupunun başçısı vitse- spiker Todua başçılıq edir. 

Gürcüstanlı qonaqlar səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Oqtay Əsədovla görüş keçirəcəklər. Bununla yanaşı Azərbaycan parlamentinin komitələrində və icra hakimiyyətində də bir sıra görüşlər planlaşdırılır.

Gürcüstan nümayəndə heyətinin tərkibinə Todua ilə yanaşı vitse-spiker Pata Davitaya, Otar Toidze, Dilar Xabuliani, David Bejuaşvili, Ramin Bayramov və Kaxaber Okriaşvili daxildir.

Səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti azərbaycanlı həmkarlarını öz ölkələrindəki vəziyyətlə tanış edəcək və ikitərəfli əməkdaşlıq barədə müzakirələr aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti