...

MDB ekspertləri miqrasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 11 Mart 2009 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir E.Rüstəmov /

MDB ölkələri ekspertləri martın 11-12-də Minskdə Birliyə üzv dövlətlərin Miqrasiya Siyasəti Konsepsiyası layihəsini nəzərdən keçirəcəklər. Sənəd layihəsi Tacikistan tərəfindən hazırlanıb. Bu barədə MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.

Konsepsiya MDB çərçivəsində miqrasiya sahəsində əməkdaşlığın əsas istiqamətləri və formalarına baxış sistemini özündə əks etdirir və bu tipli əməkdaşlığın məqsəd, vəzifə və prinsiplərini müəyyən edir.

"Konsepsiya miqrasiya proseslərinin nizamlanması, Birlik ölkələri iqtisadiyyatının əmək resurslarına tələbatın ödənməsi, miqrantların intellektual və əmək potensialından istifadə və qanunsuz miqrasiyanın qarşısının alınması üçün birgə tədbirlərin həyata keçirilməsinə istiqamətlənib", - deyə məlumatda bildirilir.

Sənəd miqrasiya məsələlərini tənzimləyən normativ hüquqi aktlar, bu mövzu üzrə analitik və statistik məlumat mübadiləsi; qanunsuz miqrantların qəbulu, qaytarılması və tranziti üzrə fəaliyyətlərin razılaşdırılması; informasiya sisteminin yaradılması və müvafiq məlumat sisteminin tətbiq edilməsi; əməkçi miqrantların daimi yaşadıqları dövlətin pensiya fonduna köçürmələr mexanizminin hazırlanmasını nəzərdə tutur.

Birlik ölkələrində işlə təmin etmə imkanlarına dair informasiya mübadiləsi sisteminin yaradılması, miqrantlara digər ölkəyə keçid, iş və yaşama qaydaları barədə lazımi məlumatların çatdırılması, qanunsuz miqrasiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkarlanması, aradan qaldırılması, açılması və tədqiqi üzrə iş mübadiləsi, miqrasiya sahəsində beynəlxalq təşkilatlar və ictimai birliklərlə əməkdaşlığın genişləndirilməsi də nəzərdə tutulur.

Ermənistan, Belarus, Qırğızıstan, Rusiya və Ukrayna Konsepsiya layihəsinə öz təklif və iradlarını bildiriblər.

Azərbaycan prezidenti İlham Əliyev 2009-cu il 4 mart tarixində iyulun 1-dən miqrasiya proseslərinin idarə olunması zamanı "vahid pəncərə" sisteminin tətbiqinə dair fərman imzalayıb. Fərmana əsasən, miqrasiya proseslərinin idarə olunması zamanı "vahid pəncərə" prinsipi üzrə vahid dövlət orqanı səlahiyyətlərinin həyata keçirilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti