...

Azərbaycanın "Televiziya və radio yayımı haqqında" qanununa əlavə və dəyişikliklər qəbul edilib

Siyasət Materials 3 Aprel 2009 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Milli Məclisi cümə günü keçirilən iclasında "Televiziya və radio yayımı haqqında" qanununa əlavə və dəyişiklikləri qəbul edib.  

Qanuna əlavə və dəyişikliklər layihəsi Milli Məclisin Mədəniyyət məsələləri komissiyasında hazırlanıb. Qanuna ümumilikdə 8 əlavə və dəyişiklik edilib.

Əlavə və dəyişikliklərə əsasən, özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət orqanına məlumat verilir.

Müvafiq dövlət orqanı dəyişikliyin bu Qanunun tələblərinə uyğun olmasına dair iki ay müddətində rəy verdikdən sonra bu dəyişiklik edilir və bir ay ərzində yeni sənədlər müvafiq dövlət orqanına təqdim olunur. Bu Qanunun tələbləri, xüsusi razılığın (lisenziyanın) qayda və şərtləri pozulduqda, inzibati tənbeh tədbirləri tətbiq edir və (və ya) məhkəmə qarşısında iddia qaldırır, zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsi ilə yayımı üçün icazə verir, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı məhkəmənin qərarı ilə, yayımçı müvafiq dövlət orqanı tərəfindən bir il ərzində ən azı üç dəfə sanksiyaya məruz qaldıqda bir ayadək müddətə müvəqqəti dayandırıla bilər.

Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz, yayımçı bütün ölkə ərazisində ona verilmiş tezlikdə yalnız bir proqram yayımlaya bilər.

Millət vəkili Mübariz Qurbanlı deyib ki, gələcəkdə "Televiziya və radio yayımı haqqında" qanunda özəl televiziya kanallarında Azərbaycan dilinin təhrif edilməsi məsələsi nəzərə alınmalıdır. "Özəl televiziya kanallarında dil qüsuru olan aparıcılar verilişlər aparır və Azərbaycan dilini təhrif edirlər. Milli Televiziya və Radio Şurası da bu məsələ ilə bağlı müəyyən addımlar atmalıdır", - Qurbanlı deyib.

Millət vəkili Pənah Hüseyn bildirib ki, Müsavat deputat qrupu bu qanuna təkliflər təqdim edəcək.

Millət vəkili Qənirə Paşayeva deyib ki, "Televiziya və radio yayımı haqqında" əlavə və dəyişikliklər televiziya kanallarının fəaliyyətinə mənfi təsir etməyəcək.

"Azərbaycanda sosial reklam sahəsi zəif inkişaf edib. Cəmiyyəti narahat edən problemlərin sosial reklam çarxları vasitəsilə təbliğinə ehtiyac var. Sosial reklam reklamdan çıxarılmalı və onlara ödənişsiz efir vaxtı ayrılmalıdır. Televiziya kanallarında sosial reklamlara gec-gec rast gəlinir", - Paşayeva deyib.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, Qanuna əlavə və dəyişikliklər zərurətdən meydana gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti