...

Azərbaycan BMT-yə üzv ölkələrlə ölkə ərazilərinin işğalı məsələsi üzrə fəaliyyəti davam etdrir – səfir

Siyasət Materials 19 May 2009 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir E.Tariverdiyeva /

Azərbaycan ərazilərinin işğalı məsələsi BMT Baş Assambleyasının 63-cü sessiyasının gündəliyində hələ də qalmaqdadır və Azərbaycan bununla əlaqədar təşkilata üzv ölkələrlə fəaliyyətini davam etdirir. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehtiyev bildirib.  

Ötən il Azərbaycan Baş Assambleyaya işğal olunmuş ərazilər barədə qətnamə təqdim edib. Mehtiyev bildirib ki, BMT Baş katibinin qətnamə üzrə məruzəsi artıq hazırlanıb və yayılıb.

Baş katib Pan Gi Munun nəzərdən keçirilməsi üçün BMT Baş Assambleyasına göndərilən "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" məruzəsi ATƏT-in Minsk Qrupu həmsədrləri və BMT-yə üzv bir sıra dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə təkliflərinin yer aldığı məktublardan ibarətdir.

BMT Baş Assambleyası 2008-ci ilin martında qəbul olunan 62/243 saylı qətnaməsində üzv dövlətləri və beynəlxalq və regional təşkilatları "öz səlahiyyətləri çərçivəsində münaqişənin nizamlanması prosesinə səmərəli yardım göstərməyə" çağırıb. O, bu qətnamənin icra edilməsi barədə ətraflı məruzənin təşkilatın 63-cü sessiyasına təqdim edilməsini Baş katibə həvalə edib.

"Biz də Ermənistan təcavüzünün hüquqi nəticələri barədə bir sıra sənədlər yaymışıq. Bu artıq BMT-nin rəsmi sənədi şəklində həyata keçirilib", - deyə səfir bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti