...

Milli Məclisdə Gürcüstanda Azərbaycan dilli televiziya və radio kanalın olmaması ilə bağlı məsələ qaldırılıb

Siyasət Materials 9 İyun 2009 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun  / Trend , müxbir A.Hüseynbala, C.Babayeva /

Azərbaycan parlamentinin üzvü Gürcüstanda bu günə qədər Azərbaycan dilli televiziya və radio kanalının olmamasından şikayətlənib.

"Gürcüstana səfərimiz zamanı məlum olub ki, ölkədə Azərbaycan dilində televiziya kanalı yoxdur. Cavaxetiyada isə erməni dilli iki televiziya kanalı var", - çərşənbə axşamı Milli Məclisin növbədənkənar iclasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib.

Trend -un arayışı: Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların qeyri-hökumət təşkilatlarının qeyri-rəsmi məlumatlarına görə, ölkədə əsasən Kvemo-Kartli rayonunda (Borçalı) təxminən 500 min azərbaycanlı yaşayır.

Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, doğma dildə təhsil, torpaq sahələrinin alınması və onlara dövlət orqanlarında yüksək vəzifələrin verilməməsi ilə bağlı problemlərdən şikayətlənirlər.  

Maliyyə çətinliyə ilə əlaqədar Gürcüstanın "Marbeuli" televiziya kanalı Azərbaycan dilində informasiya buraxılışlarını dayandırıb.

"Marneuli televiziya kanalında Azərbaycan dilli veriliş ümumiyyətlə olmayıb. Veriliş arabir yayımlanıb", -çərşənbə axşamı Trend -a Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov Tbilisidən telefonla bildirib.

"Bu günə qədər Gürcüstanda Azərbaycan dilli televiziya və ya müstəqil mətbuat hələ də yaranmayıb. Kimlərsə televiziya kanalının olduğunu deyirsə, bu "yoxdur" kimi qəbul olunmalıdır. Azərbaycan dilində arabir yayımlanan verilişlərdən Gürcüstan azərbaycanlıları nə bəhrələbnib, nə də həmin verilişlər kütləvi tamaşaçı yığa bilib", - Əsgərov deyib.

Deputatın sözlərinə görə, Gürcüstanda Azərbaycan dilində ümumiyyətlə radio kanal fəaliyyət göstərmir. "Azərbaycanlıların yaşadıqları ərazilərdə müəllim problemi də var. Gürcüstanın müxtəlif ərazilərində məscidlərin tikilməsi məsələsinə də kömək etmək lazımdır", - millət vəkili deyib.

Onun fikrincə, Gürcüstanın siyasətində dönüş yaradılarsa, orada yaşayan azərbaycanlılar aparıcı mövqeyə çıxmağa hər an hazır olacaqlar. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti