Gürcüstan, Tbilisi, 14 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstan XİN Polşada 20 qeyri-leqal gürcünün aclıq elan etməsi barədə məlumatı təsdiqləmir.
"Qaçqın statusu almaq istəyən, qaçqınlar üçün müvəqqəti düşərgədə olan iyirmi gürcü düşərgə rəhbərliyi tərəfindən təklif olunan qidanı qəbul etməkdən imtina edirlər", - bu gün brifinqdə XİN konsulluq departamentinin direktoru Paata Kalandadze deyib.
Onun sözlərinə görə, avqustun 13-də Polşada, yerli vaxtla saat 13:00-da 20 Gürcüstan vətəndaşı düşərgədə aksiya təşkil edib. Onları Polşaya qeyri-qanuni şəkildə daxil olan və siyasi sığınacaq tələb edən kişilərdir. Polşa qanunlarına əsasən, siyasi sığınacağın və bu statusun alınması müəyyən prosedurlar tələb edir ki, onlar da üç aydan altı aya qədər davam edə bilər.
"Dünən aydın olub ki, bu iyirmi nəfərdən yeddisinə məhkəmə siyasi sığınacaq verməkdən imtina edib və onlar deportasiya edilməlidirlər. Üstəlik, deportasiyanın da öz proseduru var", - Kalandadze bildirib.
Onun sözlərinə görə, bu iyirmi nəfərdən heç biri siyasi qaçqın deyil.
Kalandadzenin sözlərinə görə, bu məsələ ilə Gürcüstanın Polşadakı səfiri məşğul olur. Hadisə yerinə Gürcüstan XİN-in nümayəndələri ezam edilib, amma vətəndaşların Polşaya qeyri-qanuni şəkildə daxil olması işi çətinləşdirir. Departament rəhbəri vətəndaşlara xarici ölkələrə qeyri-qanuni yollarla səfərdən imtina etməyi tövsiyə edib.
"Gürcüstan XİN və hökuməti öz vətəndaşlarının hüquqlarını qorumaq üçün əlindən gələni edəcək. Ancaq qeyri-qanuni səfərlər zamanı bizim imkanlarımız azalır", - Kalandadze əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]