Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası və Latviya Respublikası arasinda 2009-cu il avqustun 10-da Bakı şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncamla Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş, turizm sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Latviyanın Patent İdarəsi arasında sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyanın mübadiləsi haqqında Anlaşma Memorandumu təsdiq edilir.
Nazirlər Kabinetinə sərəncamda göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi, Xarici İşlər Nazirliyinə isə bu sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Latviya Respublikası tərəfinin xəbərdar edilməsi tapşırılıb.