Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycanın Yaşıllar Partiyası (AYP) və müxalif Ümid Partiyası birgə əməkdaşlıq sənədi hazırlamağa başlayıblar.
"Hazırlanan sənəd gələcəkdə koalisiyanın yaradılması üçün zəmin ola bilər. Sənəddə əsas prinsiplər partiyaların müstəqilliyinin saxlanılması, seçkidə bərabərhüquqlu iştirak və partiyaların maddi-texniki bazasından birgə istifadədir. Sənədin həftənin sonuna qədər hazırlanması nəzərdə tutulub", - çərşənbə axşamı Trend -a AYP sədri Mais Güləliyev bildirib.
Güləliyevin sözlərinə görə, sənəddə həmçinin qarşıdan gələn bələdiyyə, parlament və prezident seçkilərində də əməkdaşlıq öz əksini tapıb. "Sənəd hazırlanandan sonra hər iki partiyanın məclisi səviyyəsində müzakirə olunub ictimaiyyətə təqdim olunacaq. Hər iki partiya sənədin hazırlanmasında tələskənliyə yol vermək istəmir. Tərəflər sənədi bəyənərlərsə, bələdiyyə seçkisində birgə iştirak mümkün olacaq", - AYP sədri deyib.
O hesab edir ki, hazırlanacaq sənəd müxalifət düşərgəsi üçün nümunə ola biləcək. "Partiyalar arasında birlik söz üzərində deyil, ciddi sənəd əsasında yaradılmalıdır", - Güləliyev deyib.
Trend -un arayışı: Azərbaycan Yaşıllar Partiyası 2006-cı ilin dekabrında yaradılıb və hələ Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmayıb. Partiya bu ilin iyununda təxminən 20-yə yaxın siyasi partiyaya müraciət edərək bələdiyyə seçkisində birgə və ya blok şəklində iştirakla bağlı danışıqların aparılmasını təklif edib.
Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrın ortalarında keçirilməsi gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]