Azərbaycan Prezidenti İlham Əliyev cümə günü yenidənqurma işlərindən sonra istifadəyə verilən Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Hazırlanan layihəyə əsasən üçmərtəbəli binanın bütün mühəndis-texniki qurğuları əsaslı şəkildə yenidən qurulub.
Prezident İlham Əliyev və xanımı binanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotostendə baxıblar.
Dövlət başçısı yenidən qurulması nəzərdə tutulan muzey kompleksinin layihəsi ilə də tanış olub.
Yenidənqurma işləri başa çatmış binanın zirzəmi qatı fondlar üçün nəzərdə tutulub. Burada kiçik heykəllər, müxtəlif metal əşyalar, arxeoloji qazıntılar zamanı tapılan eksponatlar saxlanılacaq. Muzeyin fondu isə ikinci korpusda yerləşəcək.