Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir C.Babayeva/ TürkPA-nın Baş Katibliyi yanında üç komissiya fəaliyyət göstərəcək.
"Birinci komissiya dil, mədəniyyət və təhsil sahələrini əhatə edəcək, ikinci komissiya ölkələrin qanunvericiliklərinin uyğunlaşdırılması və beynəlxalq münasibətlərin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcək, üçüncü komissiya isə iqtisadi sahəyə aid olacaq", - çərşənbə axşamı jurnalistlərə TürkPA-nın baş katibi Ramil Həsənov bildirib.
Bakıda çərşənbə axşamı Azərbaycanın Milli Məclisinin, Qazaxıstan Respublikası Parlamentinin, Qırğızıstanın Joqorku Keneşinin, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin üzvlərinin iştirakı ilə Türkdilli Dövlətlərin Parlament Assambleyasının plenar iclası keçirilir. Hakim Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının sədri Ramil Həsənov iclasda TürkPA-nın baş katibi seçilib.
Həsənovun sözlərinə görə, TürkPA-nın Baş Katibliyinin əsas fəaliyyət istiqamətləri türkdilli dövlətlərin parlamentlərarası əlaqələrinin inkişafı və təcrübə mübadiləsi, ümumi problemlərin həllli üçün birgə təkliflərin müzakirəsi olacaq.
"Baş Katibliyin fəaliyyətinin əsas istiqamətlərindən biri TürkPA-ya digər türkdilli dövlətlərin cəlb edilməsi olacaq. TürkPA-nın baş katibliyi 2010-cu ildə rəsmi fəaliyyətə başlayacaq, lakin təşkilati işlər artıq başlayıb", - baş katib bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]