...

Bosniya və Herseqovinadan olan Dunya Miyatoviç ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi olub

Siyasət Materials 11 Mart 2010 19:15 (UTC +04:00)
Cümə axşamı Bosniya-Herseqovinadan olan, KİV sahəsində qanunvericilik üzrə mütəxəssis Dunya Miyatoviç ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı üzrə nümayəndəsi təyin edilib.
Bosniya və Herseqovinadan olan Dunya Miyatoviç ATƏT-in söz və media azadlığı üzrə yeni nümayəndəsi olub

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir Y.Ostapenko/

Cümə axşamı Bosniya-Herseqovinadan olan, KİV sahəsində qanunvericilik üzrə mütəxəssis Dunya Miyatoviç ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı üzrə nümayəndəsi təyin edilib. Bu barədə təşkilatın rəsmi məlumatında deyilir.

Miyatoviç üçillik müddətə təyin edilib və bu müddət bir dəfə uzadıla bilər. O, bu postda olan Macarıstan yazıçı və jurnalisti Miklos Hataştini əvəz edərək, martın 11-dən Vyanada ofisdə işə başlayıb.

"Təşkilatın bütün iştirakçı ölkələrinin yekdil razılığı ilə Dunya Miyatoviçin ATƏT-in KİV-in azadlığı üzrə nümayəndəsi təyin edilməsi bizim mətbuat azadlığına yardımda gələcək proqreslərə nail olmağa dair ümumi tərəfdaşlığımızın sübutudur", - ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev deyib. O, bütün ATƏT ölkələrini fəaliyyətində ona lazımi yardımı göstərməyə çağırıb.

1998-ci ildə Bosniya və Herseqovinanın İnformasiyanın İdarə edilməsi üzrə Agentliyinin yaradıcılarından biri qismində Miyatoviç müharibədənsonrakı cəmiyyətin çətin şəraitdə olan KİV-ləri üçün hüquqi, normativ və siyasi çərçivə yaradılmasına yardım edib. O, həmçinin, Mətbuatın özününizamlama Şurasının və Cənub-Şərqi Avropada KİV üçün "ilk etibar telefonu"nun yaradılmasında iştirak edib.

Əvvəlcə o, Avropa Şurasının söz azadlığı və informasiya məsələləri üzrə mütəxəsislər qrupuna rəhbərlik edib. Mətbuat və kommunikasiya məsələlərində qanunvericilik sahəsində ekspert qismində o, Ermənistan, İordaniya, Serbiya, Çernoqoriya, Sloveniya, Böyük Britaniya, Avstriya, Mərakeş və İraqda işləyib.

Mətbuat azadlığı məsələləri üzrə nümayəndələr Bürosu ATƏT ölkələrində kütləvi informasiya vasitələri sahəsində baş verən hadisələri müşahidə etmək üçün, həmçinin, ATƏT-in söz və media azadlığı məsələlərində prinsip və öhdəliklərinə tam riayət etməyə dəstək üçün 1997-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti