...

Azərbaycan Prezidenti Rumıniyanın xarici işlər nazirini qəbul edib

Siyasət Materials 18 Mart 2010 17:19 (UTC +04:00)
Azərbaycan ilə Rumıniya arasında güclü tərəfdaşlıq münasibətlərinin və bütün səviyyələrdə fəal diplomatik əlaqələrin mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın və Rumıniyanın dövlət başçıları arasında münasibətlərin ikitərəfli əlaqələrimizin inkişafında mühüm rol oynadığını deyib.
Azərbaycan Prezidenti Rumıniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan, Bakı, 18 mart / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Rumıniyanın xarici işlər naziri Teodor Bakonskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan ilə Rumıniya arasında güclü tərəfdaşlıq münasibətlərinin və bütün səviyyələrdə fəal diplomatik əlaqələrin mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın və Rumıniyanın dövlət başçıları arasında münasibətlərin ikitərəfli əlaqələrimizin inkişafında mühüm rol oynadığını deyib.

Teodor Bakonskinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində mühüm addım olacağını deyən dövlətimizin başçısı bu səfərin, həmçinin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının və regional vəziyyətin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Rumıniyanın xarici işlər naziri Teodor Bakonski Prezident Troyan Beseskunun salamlarını dövlətimizin başçısına çatdıraraq bildirib ki, Rumıniya Prezidenti Azərbaycan ilə ikitərəfli münasibətlərin daha da inkişafında maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə Rumıniyaya səfərini xatırlayan nazir iki ölkə prezidentləri arasında şəxsi münasibətlərin strateji tərəfdaşlıq əlaqələrimizin inkişafında başlıca amil olduğunu vurğulayıb.

Dövlətimizin başçısı Rumıniya Prezidenti Troyan Beseskunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rumıniyanın dövlət başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti