Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir Y.Ostapenko/
Avropa Şurasının baş katibi Torbyorn Yaqland bazar ertəsi səhər Moskva metrosunda baş vermiş partlayışlar nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, zərərçəkənlərin dərdinə şərik olduğunu bildirib və bu faciəvi məqamlarda Avropa Şurasının Rusiyaya dəstəkdə olduğunu deyib. Bu barədə Avropa Şurasının rəsmi məlumatında bildirilir.
"Mən bu gün səhər Moskvada "Lubyanka" və "Park kulturı" stansiyalarında baş vermiş terror aktları nəticəsində adamların faciəvi şəkildə ölümündən çox sarsılmışam. Heç bir şey terrorizmə haqq qazandıra bilməz, mən bu zorakılıq aktını qəti şəkildə pisləyirəm", - Yaqland bildirib.
Bazar ertəsi səhər Moskva metrosunda iki partlayış baş verib. "Lubyanka" stansiyasında partlayış Moskva vaxtı ilə saat 07:56-da, "Park kulturı" stansiyasında isə saat 08:37-də baş verib.
İlkin məlumatlara görə, partlayışları vaqonlar stansiyaların perronlarında olarkən iki terrorçu-kamikadze qadın törədib. Partlayışın gücü 0,3-0,4 kq-dan 1,5 kq-dək trotil ekvivalentində qiymətləndirilir. İlkin məlumatlara görə, partlayış "şəhid kəməri"nin işə salınması yolu ilə törədilib, plastit partlayıb. Terror aktları nəticəsində 36 nəfər həlak olub.
"Terrorizm fərq qoymadan məhv edir, onun son hədəfi bizim azadlığımız və ümumi dəyərlərdir", - baş katib vurğulayıb. - "Bugünkü terror aktları hamımıza qarşı yönəlib".