...

Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib

Siyasət Materials 31 Mart 2010 20:26 (UTC +04:00)
Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 31 mart / Trend /

Daxili İşlər Nazirliyində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov tədbiri giriş sözü ilə açaraq əksər qonşularına, əsasən də azərbaycanlılara və türk xalqlarına qarşı əsrlər boyu soyqırım və deportasiya siyasətini mərhələ-mərhələ gerçəkləşdirən erməni millətçiləri və silahlı birləşmələrinin 1918-ci ilin mart ayında törətdikləri, analoqu olmayan soyqırım faciəsindən 92 il keçdiyini xatırladıb, həmin qanlı hadisələrin çox geniş coğrafiyaya malik olması barədə ətraflı məruzə ilə çıxış edib.

Mərasim iştirakçıları soyqırım qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Qeyd olunub ki, məhz ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin iki əsr ərzində xalqımıza qarşı törətdikləri vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verilib, ulu öndər tarixi ədaləti bərpa edərək 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan edib. Bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir.

Tədbirdə, həmçinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində Prezident İlham Əliyevin apardığı siyasətin daxili işlər orqanları tərəfindən də dəstəkləndiyi, işğal altındakı torpaqlarımızın güc yoluyla azad edilməsinə şəxsi heyətin hər zaman hazır olması fikri də ifadə edilib.

Anım mərasimi tanınmış jurnalist Mehriban Ələkbərzadənin ssenari müəllifi və rejissoru olduğu, azərbaycanlıların soyqırımından bəhs edən "Tarixin bir günü və ya bir günün tarixi" adlı sənədli filmin nümayişi ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti