Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın hakim partiyası icra katibinin müavini hesab edir ki, kütləvi aksiyalar keçirmək istəyən qüvvələr ABŞ-dan və digər dövlətlərdən yenidən yardım almaq üçün fəallaşıblar.
"Xaricdən maliyyələşən həmin partiyaların tələb etdikləri yerlərdə aksiyaların keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyətinin icazə verməməsi tamamilə düzgün qərardır", - Trend-in məlumatına görə, cümə günü Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Müsavat Partiyası şəhərin mərkəzində mitinq keçirmək iddiasındadırlar. Bakı Şəhər İcra Hakimiyyəti müxalifət partiyasının mitinq keçirmək istədiyi ərazilərə icazə verməyib.
Novruzovun sözlərinə görə, mitinq keçirmək niyyətində olan həmin partiyalar dağıdıcı qüvvələrdir.
"Biz vətəndaşların təhlükəsizliyini qorumağa çalışırıq. Siz isə bunun əksinə olaraq aksiyalar keçirməklə onların həyatını təhlükədə qoymaq istəyirsiniz", - millət vəkili əlavə edib.