Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir E.Ostapenko/
Avropa İttifaqının strategiyası Cənubi-Qafqaz regionunda sabitliyə, çiçəklənməyə və münaqişələrin nizamlanmasına yönəlməlidir. Çünki bu region Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təminatında mühümdür. Bu barədə cümə axşamı Avropa Parlamentinin Xarici işlər komitəsində qəbul olunmuş qətnamədə deyilir.
Avropa Parlamentinin deputatları istəyirlər ki, Aİ-nin Cənubi Qafqazda strategiyası üç sahəni əhatə etsin: münaqişələrin həlli, demokratiyanın inkişafı, insan hüquqları və qanunun aliliyi, həmçinin, iqtisadi əməkdaşlıq və sosial inkişaf.
Cənubi Qafqaz regionu Avropa İttifaqının enerji maraqları baxımından çox vacibdir, çünki qazı Xəzər dənizindən Qara dənizə nəql edən Cənubi Qafqaz Qaz Kəməri ordan keçir.
Aİ-nin üç Cənubi Qafqaz respublikasının iştirak etdiyi "Şərq tərəfdaşlığı Proqramı"nın reallaşması, həmçinin, Lissabon müqaviləsinin qüvvəyə minməsi Avropa İttifaqına region üçün hərtərəfli strategiyanı təqdim etmək imkanları yaradır. Bu barədə Yevgeni Kirilovun (Bolqarıstandan olan avropalı deputat) hazırladığı məruzədə deyilir. Avropa Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Gürcüstan münaqişəsinin olduğu regionda mürəkkəb geosiyasi vəziyyəti, eləcə də Ermənistan və Türkiyə arasında gərgin münasibətləri həll etməli olacaq.
2004-cü ildən Azərbaycan, Ermənistan və Gürcüstanın Avropa Mehriban Qonşuluq Siyasəti üzrə tərəfdaş olmalarına baxmayaraq, hələ də regionda kompleks regional strategiya çatışmır. Hələ 2006-cı ildə Avropa Parlamenti Cənubi Qafqaz üçün Avropa Sabitlik Paktını tövsiyə edib. Bu, Avropa İttifaqını (Türkiyənin qəbul üzrə namizəd kimi iştirakı ilə), Rusiya, ABŞ və BMT-ni, yəni Yaxın Şərq kvartetini əhatə edir.
Qətnamədə regionda hazırkı münaqişəli vəziyyətin qəbuledilməz olduğu bildirilir, hərbi xərclərin artırılması ilə bağlı narahatlıq ifadə olunur. "Dondurulmuş münaqişələr" - iqtisadi və sosial inkişaf yolunda maneədir, Avropa Parlamenti xəbərdarlıq edir.
Aİ-nin enerji təhlükəsizliyinin təminatında regionun əhəmiyyətini etiraf edən Avropa parlamentarları Aİ və Cənubi Qafqaz arasında enerji əməkdaşlığının möhkəmləndirilməsini, əsasən, "Nabucco" qaz kəmərinin uğurla reallaşmasını dəstəklədiklərini bildiriblər.