Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycanın üç müxalifət partiyası aprelin 25-də piket keçirmək niyyətindədir.
"Aksiyanın keçirilməsinə müvafiq yer ayrılması üçün artıq Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciəıt etmişik", - bazar ertəsi Trend-ə "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.
Əliyevin sözlərinə görə, aksiyanın şəhərin mərkəzində keçirilməsi üçün bir neçə yer də göstərilib.
"Aksiyada sərbəst toplaşmaq azadlığı sahəsində mövcud olan problemin aradan qaldırılması, Seçki Məcəlləsinə əlavə və dəyişiklilərlə bağlı tələblərin irəli sürülməsi nəzərdə tutulur", - VİP sədri əlavə edib.
Onun fikrincə, Bakı Şəhər İcra Hakimiyyətinin razılığından asılı olmayaraq, onlar aksiyanı keçirməyə cəhd edəcəklər.
"Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası bir müddət əvvəl kütləvi aksiyaların keçirilməsi haqda qərar verib. Blokda təmsil olunan vətəndaş və inkişaf, eləcə də liberal partiyaları aksiyalara dəstək vermək niyyətindədirlər.
"Azadlıq" blokunu 2005-ci il Parlament seçkiləri ərəfəsi Azərbaycan Xalq Cəbhəsi, demokrat, müsavat və liberal partiyaları təsis ediblər. Seçkilərdən sonra demokrat və müsavat partiyaları blokdan çıxıblar, Vətəndaş və İnkişaf Partiyası isə "Azadlıq" blokuna üzv olub.
Bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası Parlament seçkiləri ərəfəsi kütləvi aksiyaların keçirilməsi haqqında qərar verib.