Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın İsveçdəki səfiri Rəfael İbrahimovun Kalmar şəhəri Linne Universitetinin Ali İqtisad Məktəbindəki çıxışı ilə əlaqədar İsveçin həftəlik "Kalmar Läns Tidning" qəzetində (18-23 aprel 2010-cu il buraxılışı) məqalə dərc olunub.
"Kalmar Läns Tidning" ən qədim qəzetdir. Qəzet İsveçdə 1827-ci ildən nəşr olunur və çoxminlik tirajla çıxır, - səfirliyin məlumatında deyilir. Qəzet həmçinin elektron formatda nəşr olunur.
Məqalədə bildirilir ki, İbrahimov öz çıxışında auditoriyaya ölkə haqqında tarixi və siyasi məlumat verib. Səfir, həmçinin, Azərbaycanın iqtisadi inkişafından ətraflı danışıb. O, beynəlxalq əməkdaşlıq və enerji dəhlizləri kontekstində ölkənin mühüm geosiyasi rolunu qeyd edib. Səfir iqtisadiyyatın qeyri-neft sektorlarının gələcək fəallaşması üçün prioritetlərə toxunub.
Sonra İbrahimov ölkənin xarici investisiyaların cəlb olunması sahəsindəki fəaliyyətindən danışıb. Bununla əlaqədar o, "AZPROMO"nun rolunu, həmçinin, belə çıxışların təşkilinin vacibliyini qeyd edib.
Rəfael İbrahimov regional iqtisadi inkişafda ölkənin lider rolunu qeyd edib və Azərbaycandan ixrac haqqında ətraflı məlumat verib.