Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/
Türkiyənin Azərbaycandakı səfiri ABŞ Prezidenti Barak Obamanın "erməni soyqırımı" sözünü işlədəcəyinə inanmır.
"Obama prezident olaraq çox ağıllı insandır, ABŞ-ın maraqlarına çox önəm verir. Onun belə bir sözü söyləməsi ABŞ-ın maraqlarına uyğun deyil və bu, ABŞ-a ziyan verir, bu baxımdan mən buna inanmıram", - Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.
Trend-in arayışı: Hər il ABŞ Prezidenti aprelin 24-ə qondarma "erməni soqırımı" ilə bağlı xalqa müraciət edir.
Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədov isə jurnalistlərə açıqlamasında bildirib ki, Obama "soyqırım" sözünü deyərsə, böyük səhvə yol vermiş olacaq. "Hesab edirəm ki, bu, prezidentin siyasətdə buraxdığı səhv kimi tarixə düşəcək", - o deyib.
"Ancaq inanmıram və bu, ola bilməz ki, ABŞ Prezidentinin istifadə etdiyi hər hansı bir söz, kəlmə bizim bölgəmizdə vəziyyətin dəyişməsinə gətirib çıxara bilsin", - Əhmədov deyib.
"Bölgəmizdə Azərbaycana qarşı təcavüz var və dəyişilməsi tələb olunan bir reallıq varsa, o da bundan ibarətdir. Əgər Obama bu səhvə yol verəcəksə, demək ABŞ-ın yürütdüyü siyasətdə bu ədalətsizliyin aradan qaldırılması əksini tapmayıb. Türkiyə kimi böyük bir dövlətin həyata keçirdiyi siyasətə ABŞ Prezidentinin işlətdiyi bir kəlmə təsir edə bilməz", - o qeyd edib.