Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda tikinti və şəhərsalma sahəsindəki münasibətlər vahid məcəllə ilə tənzimlənəcək.
Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov cümə günü Trend-ə bildirib ki, Azərbaycanda Şəhərsalma Məcəlləsinin hazırlanması istiqamətində iş aparılır.
Kərimovun sözlərinə görə, Şəhərsalma Məcəlləsi və Tikinti Məcəlləsi birləşdirilərək vahid məcəllə şəklində Milli Məclisin müzakirəsinə çıxarılacaq.
MM rəsmisi bildirib ki, Tikinti Məcəlləsinin layihəsi parlamentdə ikinci oxunuşa hazırlanır və hər iki məcəllə birləşdirilib vahid layihə şəklində MM-ə təqdim olunacaq.
Kərimov bildirib ki, Şəhərsalma Məcəlləsinin ilkin layihəsi hazırlanıb və Almaniyadan olan ekspertlərə təqdim olunub.
Bu ilin iyununda iki almaniyalı ekspert şəhərsalma qaydaları, normativ hüquqi bazanı və hüquqi bazanın praktiki tətbiqi ilə bağlı mövcud vəziyyəti öyrənmək məqsədilə Azərbaycana səfər edəcək.
MM rəsmisi qeyd edib ki, Azərbaycanda tikinti və şəhərsalma ilə bağlı münasibətləri tənzimləyən hüquqi baza çox zəif olduğundan, bu sahədə mükəmməl bir qanunun qəbul edilməsinə ehtiyac var.
"Sənəd Azərbaycanda bu sahədəki proseslərə nəzarət, tikinti və şəhərsalma ilə bağlı vahid pəncərə sisteminin tətbiqi, tikintiyə icazə verilməsi sisteminin sadələşdirilməsi və s. məsələləri tənzimləyəcək", - Kərimov vurğulayıb.