Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Milli Məclisdə "Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu" ilə bağlı deputatlar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə dinləmələr keçirilir.
Trend-in məlumatına görə, bazar ertəsi başlayan dinləmələrdə çıxış edən Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, rəsmiləşdirilməsi, qəbul olunması, dərc edilməsi, qüvvədə olması, şərhi və sistemləşdirilməsi qaydalarını müəyyən edəcək.
Qanunla bağlı Avropa Şurası Venesiya Komissiyasından müsbət rəy alındığını deyən komitə sədrinin sözlərinə görə, sənəd hazırlanarkən inkişaf etmiş ölkələrin qanunvericilik bazası və beynəlxalq təcrübə diqqətlə öyrənilib.
Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov qanunun müddəalarını şərh edib.