...

Azərbaycanın hakim partiyasının gəncləri Prezidentə müraciət ediblər

Siyasət Materials 25 İyun 2010 17:13 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 92-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin toplantısı keçirilib.
Azərbaycanın hakim partiyasının gəncləri Prezidentə müraciət ediblər

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 92-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin toplantısı keçirilib. Trend-in məlumatına görə, bunu cümə günü hakim partiyanın rəsmi internet saytı yayıb.

Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul edilib.

"Yaranmasının 92-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Silahli Qüvvələri ağır və mürəkkəb bir dövrdə, müharibə od-alovunda yaranaraq möhkəmlənmiş və şərəfli tarixi yol keçmişdir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından sonra ölkəmizdə ordu quruculuğu istiqamətində çox mühüm və əhəmiyyətli addımlar atılmışdır. İftixarla qeyd edə bilərik ki, Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu kimi nəinki ölkəmizin təhlükəsizliyinə, habelə bölgədə sülhə və əmin-amanlığa ən böyük təminatdır. Bu gün Sizin həyata keçirdiyiniz nəhəng islahatlar nəticəsində respublikamızda sosial-iqtisadi sahədə əldə olunan böyük uğurlar Vətənimizin hərbi qüdrətinin artmasına və diplomatiya kursunuzun səmərəli şəkildə həyata keçirilməsinə əhəmiyyətli zəmin yaratmışdır", - müraciətdə deyilir.

Müraciətdə qeyd olunub ki, bu gün Azərbaycan xalqı, o cümlədən YAP-ın Gənclər Birliyinin hər bir üzvü Prezidentin çağırışı ilə müqəddəs torpaqlarımızı düşməndən azad etməyə hazırdır.

"Təkcə bu faktı xüsusu qeyd etmək olar ki, son yeddi il ərzində Azərbaycanın hərbi xərcləri on üç dəfədən çox artaraq 2 milyard 150 milyon ABŞ dollarına çatmışdır. Bu göstərici Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Hazırkı şəraitdə Azərbaycan əsgərlərinin yüksək mənəvi-psixoloji durumu, gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsi, xalqla silahlı qüvvələrin sarsılmaz birliyi ordumuzun döyüş qabiliyyətini artıran əlavə təminatdır. Gənclərimiz orduya böyük inam və ruh yüksəkliyi ilə gedir, silahlı qüvvələrimizin sıralarında sağlam, milli vətənpərvərlik əhval-ruhiyyəsi hökm sürür. Dövlətçiliyi göz bəbəyi kimi qoruyan Azərbaycan Ordusu ilə xalqın vəhdəti əbədidir. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin sülh yolu ilə geri qaytarılması istiqamətində Sizin həyata keçirdiyiniz məqsədyönlü xarici siyasət xətti xalqımız tərəfindən rəğbətlə qarşılanır. Lakin təcavüzkar Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Bu ali məqsəd naminə hər birimiz sabahın əsgəri, zabiti, döyüşçüsü olmaqdan qürur duyuruq", - müraciətdə deyilir.

Xəbər lenti

Xəbər lenti