...

Azərbaycanda keçiriləcək Parlament seçkilərində hakim partiya üçün çətinliklər yarada biləcək rəqib yoxdur - sədr müavini Əli Əhmədov

Siyasət Materials 20 İyul 2010 16:14 (UTC +04:00)
Azərbaycanda qarşıdan gələn Parlament seçkilərində hakim partiya üçün çətinliklər yarada biləcək rəqib yoxdur.
Azərbaycanda keçiriləcək Parlament seçkilərində hakim partiya üçün çətinliklər yarada biləcək rəqib yoxdur - sədr müavini Əli Əhmədov

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda qarşıdan gələn Parlament seçkilərində hakim partiya üçün çətinliklər yarada biləcək rəqib yoxdur, - Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib.

"Mən bunu YAP-ın gücünün ifadəsi kimi qeyd etmək, YAP-a Azərbaycan seçicilərinin inamının təzahürü kimi vurğulamaq istəyirəm. Təbii ki, bu, eyni zamanda, Azərbaycan müxalifətinin zəifliyinin ifadəsidir. Bu mənada, qarşıdan gələn Parlament seçkilərində müxalifətin hər hansı əhəmiyyətli hərəkət etməsini o qədər də inandırıcı hesab etmirəm. Amma mən bu sözlərimin müxalifət partiyalarının qarşıdan gələn Parlament seçkilərində iştirakdan imtina etməsi üçün işarə kimi qiymətləndirilməsini də arzu etməzdim. Qeyd etdiyim kimi, istənilən siyasi partiyanın mövcudluğunun əsas şərti və arqumenti onun siyasi proseslərdə və siyasi proseslərin ən aydın təzahür forması olan seçkilərdə iştirakıdır", - Əhmədov deyib.

Azərbaycanda noyabrın əvvəlində Parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub.

Əhmədovun sözlərinə görə, seçkilərdə iştirak etməyən partiyanın ölkənin həyatında və bütövlükdə həyatda mövcudluğunun mənası qalmır.

"Ona görə də müxalifət partiyalarını seçkilərdə fəal iştiraka dəvət edirik. Azərbaycan müxalifəti daxili intriqalar məngənəsində əzilir. Azərbaycan cəmiyyətində müxalifətin hörmətinin və nüfuzunun itməsinin çoxlu sayda səbəbi içərisində bunu xüsusi göstərmək olar. Əslində, deyərdim ki, müxalifətin daxili çəkişmələri və intriqaları onun ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak etməkdə maraqlı olmamasından xəbər verir. Belə təəssürat yaranır ki, müxalifət partiyaları ölkənin ictimai-siyasi həyatında iştirak edib, hər hansı pozitiv mövqe ortaya qoymaqdan daha çox daxili intriqalarla məşğul olmağa meyillidirlər", - YAP rəsmisi qeyd edib.

Əhmədov bildirib ki, müxalifətin onsuz da az olan gücü və resursu özlərinin daxili problemlərini həll etməyə yönəlir.

"Birləşdirici və qurucu başlanğıc onlara yaddır. Bu çəkişmələr, didişmələr müxalifətin az olan gücünü daha da azaldır", - YAP-ın sədr müavini bildirib.

Xəbər lenti

Xəbər lenti