...

Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyasının növbəti qurultayında sədr dəyişikliyi ola bilər – partiya funksioneri

Siyasət Materials 4 Avqust 2010 11:27 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının növbəti qurultayında partiya sədri dəyişdirilə bilər.
Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyasının növbəti qurultayında sədr dəyişikliyi ola bilər – partiya funksioneri

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsi Partiyasının növbəti qurultayında partiya sədri dəyişdirilə bilər. Bu barədə çərşənbə günü Trend-ə AXCP-nin sədr müavini Nurəddin Məmmədli bildirib.

"Əli Kərimlinin yenidən partiyanın sədri seçilməsini proqnozlaşdırmaq çətin məsələdir. Çünki AXCP demokratik bir təşkilatdır. Partiyanın istənilən üzvü öz namizədliyini irəli sürə bilər və iddiasını təmin eləmək istiqamətində fəaliyyət göstərə bilər. Yeni sədr seçilməsi istisna olunmur. Bunu qurultay göstərəcək", - Məmmədli əlavə edib.

Azərbaycan Xalq Cəbhəsi Azərbaycan Milli-Azadlıq Hərəkatı zamanı gizli şəkildə 1989-cu ildə təsis olunub. Partiya kimi 1995-ci ildə qeydiyyatdan keçib. 2000-ci ilin avqust ayında - partiya sədri Əbülfəz Elçibəyin vəfatından sonra, ideoloji səbəblərdən partiya iki hissəyə - Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) qollarına bölünüb.

AXCP-nin yaxın zamanlarda qurultayının keçiriləcəyi gözlənilir

Məmmədli qurultayda müzakirə olunacaq digər məsələlərə də toxunub.

"Qurultayda partiyaya xas bütün məsələlər müzakirə olunacaq. Yeni strukturlar formalaşdırılacaq. Ali Məclisin qurultayda seçiləcək hissəsi müəyyənləşəcək və ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın vəzifələri, taktiki gedişləri, prioritetləri və s. haqqında qərar qəbul ediləcək", - Məmmədli deyib.

AXCP funksioneri "Müsavat" partiyası ilə birləşmə məsələsinə də aydınlıq gətirib.

"Əgər bu vaxta qədər "Müsavat"la vahid partiyada birləşmək ideyası reallaşacaqsa, onda biz həmin qurultayda partiyanın birləşməsi haqqında da qərar çıxaracağıq. Qurultaya qədər bu məsələ öz həllini tapmasa, biz həmin mövzunu növbəti qurultaya saxlamaq məcburiyyətində qalacağıq", - Məmmədli deyib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə "Müsavat" başqanı İsa Qəmbər AXCP ilə "Müsavat"ın birləşərək bir partiya olmasını təklif edib. Hazırda bu təklif istiqamətində danışıqlar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti