...

Azərbaycanın hakim partiyası ATƏT-in Bakı ofisinin seçkilərlə bağlı tövsiyələrinə mövqeyini açıqlayıb

Siyasət Materials 27 Avqust 2010 14:27 (UTC +04:00)
Azərbaycanın hakim partiyası ATƏT-in Bakı ofisinin seçkilərlə bağlı tövsiyələrinə mövqeyini açıqlayıb.
Azərbaycanın hakim partiyası ATƏT-in Bakı ofisinin seçkilərlə bağlı tövsiyələrinə mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası ATƏT-in Bakı ofisinin seçkilərlə bağlı tövsiyələrinə mövqeyini açıqlayıb.

"Dünyanın heç bir yerində - istər ABŞ-da, istərsə də Avropa ölkələrinin dövlət telekanallarında seçki təbliğatı aparılmır. Azərbaycanda bir dövlət televiziyası var, burada da dövlətin keçirdiyi tədbirlər və cəmiyyətdəki hadisələr verilir", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

ATƏT-in Bakı ofisi avqustun 24-də keçirilmiş KİV-in Parlament seçkilərini işıqlandırmasına həsr olunan tədbirdən sonra, KİV-in seçkiləri bərabərhüquqlu işıqlandırmasına kömək edə biləcək prinsipləri təqdim edib. Bu barədə təşkilatın Bakı ofisinin saytında deyilir.

Tövsiyələr bunlardan ibarətdir: seçki kampaniyası dövründə iki ictimai telekanal və bir ictimai radioda siyasi partiyalar və namizədlər üçün həftədə üç saatdan az olmayaraq pulsuz efir vaxtının ayrılması; bu efir vaxtının üçdəbir hissəsinin debatların təşkili, digər hissəsinin isə namizədlərin çıxışları üçün nəzərdə tutulması; xəbərlər proqramları, forumlar, tok-şoular və digər proqramlarda bütün siyasi partiyaların təmsilçilərinə ayrı-seçkilik olmadan yer verilməlidir.
Ümummilli və regional özəl telekanallar seçki kampaniyası dövründə iştirakı stimullaşdırmalı və efir vaxtı təklif etməlidir; Seçki Məcəlləsinin 77.1-ci maddəsi ləğv olunmalıdır ki, AzTV telekanalı seçki kampaniyası dövründə namizədlərə efir vaxtı ayıra bilsin.

Novruzov deyib ki, Azərbaycanın İctimai Televiziyasında namizədlərə Seçki Məcəlləsinə uyğun pullu və pulsuz efir vaxtı ayrılır və bərabər şərait yaradılır.

"Azərbaycanın özəl telekanallarında isə bağlanmış müqavilələr vasitəsilə efir vaxtı verilə bilər. Dünyanın heç bir yerində ödənişsiz seçki kampaniyasının aparılma mexanizmi yoxdur", - YAP rəsmisi deyib.

Telekanallarda daha çox siyasi verilişlərin verilməsi məsələsinə gəlincə, Novruzovun münasibəti birmənalı olub.

"Dünya telekanallarında efir vaxtına daha çox sosial verilişlər və reklamlara yer ayrılır. Dünyada bu cür proseslər getdiyi halda, Azərbaycanda sosial yox, siyasi reklamların çoxaldılmasına nə ehtiyac var?" - Novruzov bildirib.

Azərbaycanda Parlament seçkilərinin keçirilməsi noyabrın əvvəllərinə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti