...

Azərbaycan Yutada keçirilən simpoziumda təmsil olunub

Siyasət Materials 6 Sentyabr 2010 11:50 (UTC +04:00)
Amerikanın Yuta ştatının "Yuta Velli" Universitetində (Utah Valley University) qadınların ictimai roluna həsr olunmuş beynəlxalq simpozium keçirilib.
Azərbaycan Yutada keçirilən simpoziumda təmsil olunub

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/

Amerikanın Yuta ştatının "Yuta Velli" Universitetində (Utah Valley University) qadınların ictimai roluna həsr olunmuş beynəlxalq simpozium keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun nümayəndəsi Lalə Əbdürəhimova Azərbaycandakı aşkarlıq və bərabərlik ənənələri haqqında danışıb. Bu barədə Baş Konsulluğun məlumatında deyilir. Qlobal dəyişikliklərə adaptasiyanın, eyni zamanda, Azərbaycan cəmiyyətinin nadir mədəni orijinallığı və dəyərlərinin qorunub-saxlanılmasının vacibliyi qeyd olunub.

Qadın ictimai xadimlər barədə danışarkən, Baş Konsulluğun nümayəndəsi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uğurlu beynəlxalq və humanitar fəaliyyətini nümunə gətirib. Mehriban Əliyevanın sivilizasiyalar dialoqunun möhkəmlənməsində və tolerantlıq ənənələrinin yayılmasında xidmətləri xüsusi qeyd olunub.

Həmçinin, simpozium iştirakçıları erməni təcavüzünün və etnik təmizləmə siyasətinin nəticələrinin Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan qadınlara necə ağır təsir etdiyi barədə bildiriblər. Belə ki, daimi yaşayış yerindən zorakılıqla köçürülməsi nəticəsində, sosial və psixoloji problemlərin əsas yükü məhz qadınların üzərinə düşür.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Müzakirələrdə Azərbaycan, Braziliya, İsrail, Malayziya, Boliviya nümayəndələri və universitetin müəllim heyəti iştirak edib.

Xəbər lenti

Xəbər lenti