Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M.Əliyev/
Braziliya və Azərbaycan qloballaşmanın təsirindən öz mədəniyyətlərini qoruyurlar və bu istiqamətdə səylərini gücləndirməlidirlər. Bunu Braziliyanın müstəqillik gününə həsr olunmuş tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Paulo Antonio Pereyra Pinto deyib.
Səfir ümidvar olduğunu bildirib ki, Braziliya və Azərbaycan arasında dialoq daima davam etdiriləcək. "Ümid edirəm ki, həm idman, həm də mədəniyyət sahəsinə aid olan kapoeyra Azərbaycanda daha da inkişaf edəcək", - səfir bildirib.
Tədbirdə iştirak edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib ki, Azərbaycan Braziliya ilə bütün sahələrdə, əsasən də idman və mədəniyyət sahəsində mövcud əlaqələri genişləndirməkdə çox maraqlıdır.
Onun sözlərinə görə, idman və mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək üçün geniş prespektivlər var.
Braziliya 1822-ci il 7 sentyabr tarixində müstəqilliyini əldə edib.