Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Cəfərov/
İran şirkətlərinin işğal olunmuş Dağlıq Qarabağ ərazisində heç bir fəaliyyəti yoxdur. Bununla bağlı yayılan məlumatlar kökündən yanlışdır, - bu barədə İran Prezidenti Aparatının İqtisadi məsələlərə nəzarət şöbəsinin rəhbəri, vitse-prezidentin müavini Əli Ağa Məhəmmədi deyib.
O bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü ilk gündən tanıyıb və tanımaqda davam edir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.