Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir M.Əliyev/
Cümə axşamı Azərbaycan Milli Məclisi payız sessiyasının birinci iclasında "MDB iştirakçısı olan dövlətlərin əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında" Konvensiyanı təsdiq edib.
"Əməkçi miqrantların sayını çox olmasını nəzərə alaraq, bu Konvensiya hər bir MDB ölkəsi, o cümlədən Azərbaycan üçün onların statusunun müəyyənləşdirilməsinə görə vacibdir", - Milli Məclisin hüquqi siyasət və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov deyib.
Konvensiya 2008-ci ildə Moldovanın paytaxtı Kişinyov şəhərində imzalanıb.
Parlamentin deputatı Nəzib Nəsibli öz çıxışında belə razılaşmanın Gürcüstan ilə də imzalanmasının zəruriliyini qeyd edib. "Gürcüstan MDB üzvlüyündən çıxıb, lakin Azərbaycanda Gürcüstandan olan çoxlu sayda əməkçi miqrant var və onların statusu müəyyənləşməyib", - Nəsibli vurğulayıb.
Milli Məclisin cümə axşamı keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti və Avstriya Federal Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında", "Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Avropa İttifaqı arasında hava xidmətlərinin müəyyən aspektlərinə dair" və "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında hava nəqliyyatı haqqında" sazişlər də təsdiq edilib.