...

Türkiyə Cənubi Qafqaz regionunu iqtisadi cəhətdən birləşdirməyə qadirdir – türkiyəli ekspert

Siyasət Materials 22 Oktyabr 2010 17:49 (UTC +04:00)
Türkiyənin Cənubi Qafqazda bütün regionun vahid iqtisadi inkişafına nail olması üçün böyük potensialı var. Bu fikirlər beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert Oqtay Tanrısevərə məxsusdur.
Türkiyə Cənubi Qafqaz regionunu iqtisadi cəhətdən birləşdirməyə qadirdir – türkiyəli ekspert

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Ü.Sadıxova/

Türkiyənin Cənubi Qafqazda bütün regionun vahid iqtisadi inkişafına nail olması üçün böyük potensialı var. Bu fikirlər beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert Oqtay Tanrısevərə məxsusdur.

"Türkiyə iqtisadiyyatı regionun digər ölkələrinin iqtisadiyyatından xeyli fərqlənir. Bu ölkə mal dövriyyəsini nəzərə almaqla və birgə iqtisadi layihələri inkişaf etdirməklə regionun vahid iqtisadi inkişafında uğur qazana bilər", - Tanrısevər cümə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Regional konteksdə qlobal çağırışlar" mövzusunda keçirilən "dəyirmi masa"da deyib.

"Türkiyə region ölkələri arasında möhkəm iqtisadi münasibətlər yaratmaqla, bu ölkələr arasında siyasi münaqişələrin və mübahisələrin həllinin tezləşməsinə nail ola bilər", - Tükiyə Yaxın Şərq Texniki Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekan müavini Tanrısevər hesab edir.

SAM-da diskussiyalar "Cənubi Qafqaz dəyişkən dünyada" mövzusunda illik simpozium çərçivəsində keçirilir. Simpoziumda 150-dən çox xarici və yerli ekspert iştirak edir.

Müzakirələrin keçirilməsində əsas məqsəd regional əlaqələrin və əməkdaşlığın yaxşılaşdırılması, regional siyasət, iqtisadiyyat və beynəlxalq münasibətlərlə maraqlanan insanlar arasında münasibətlərin möhkəmləndirilməsidir.

Cənubi Qafqaz regionundakı münaqişələr haqqında danışan Tanrısevər onların dərinliyini və mürəkkəbliyini qeyd edib. Ekspert hesab edir ki, buna görə də yaxın gələcəkdə münaqişələrin həllini gözləməyə dəyməz, lakin bu istiqamətdə müəyyən addımlar atıla bilər.

"Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi Tükiyənin xarici siyasətinin prioritetləri arasındadır, - Tanrısevər vurğulayıb. - Lakin onların həlli üçün münaqişə tərəflərinin özləri hamını qane edəcək barışığın necə olması haqqında dəqiq təsəvvürə malik olmalıdırlar".

"Odur ki, münaqişə tərəfləri buna hazır deyillərsə, üçüncü ölkələr problemi həll edə bilməzlər", - Türkiyənin münaqişələrin həllində bundan sonra da fəal iştirak edəcəyini söyləyən ekspert deyib.

Xəbər lenti

Xəbər lenti